Məhkəmə qərarları › İş №3(044)-427/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-427/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-427/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli olduğu üçün 16 aprel 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Nizami rayonu, Firdovsi küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs üzərindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen kəsiyi bükümündə 0,091 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 16 aprel 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Nizami rayonu, Firdovsi küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman üzərindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen kəsiyi bükümündə 0,091 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Hazırda etmiş olduğu əməldən peşmandır, himayəsində azyaşlı uşaqlarının olmasını və məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 26 aprel 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin X1 17 aprel 2021-cu il tarixli, 16/358 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen kəsiyi bükümündəki maddə təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd polietilen kəsiyi bükümündə 0,091 qram kustar üsulla hazırlanmış psixotrop maddə isə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qramdır, həmçinin metamfetamin də Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Göründüyü kimi, Şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 1 ədəd polietilen kəsiyi bükümündə 0,091 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin miqdarı onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun səmimi peşmançılığını, himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, inzibati cərimə növündə ədalətli inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İnzibati xəta haqqında işin materiallarından müəyyən olunur ki, Şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen kəsiyi bükümündə 0,091 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Gəncə şəhəri Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması” otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə, maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması” otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen kəsiyi bükümündə 0,091 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə olunsun. Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması” otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen kəsiyi bükümündə 0,091 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar