Məhkəmə qərarları › İş №3(044)-435/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-435/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-435/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Tenologiyalar Nazirliyinin nümayəndəsi, Dövlət Radiotezliklər İdarəsinin baş hüquqşünası X2 iştirakı ilə, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Tenologiyalar Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Tenologiyalar Nazirliyinin tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 04.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, həmin tarixdə Gəncə şəhəri, B.Əliyev küçəsi, 6 saylı binanın damında radiotezliklərdən istifadəyə icazə almadan və xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə qeyri-qanuni yayım təşkil edərək internet xidmətinin göstərilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Tenologiyalar Nazirliyinin nümayəndəsi Musa Rəsulov izahatında göstərdi ki, Gəncə şəhəri, B.Əliyev küçəsi, 6 saylı binanın 5-ci mərtəbəsində yaşayan X1 şikayəti əsasında həmin binanın damında quraşdırılmış radioavadanlıqlara vizual baxış və radiomonitorinq keçirilən zaman Şəxs MMC tərəfindən binanın damında radiotezliklərdən istifadəyə icazə almadan və xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə qeyriqanuni yayım təşkil edərək internet xidmətinin göstərilməsi aşkar edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında hüquqi şəxs nümayəndəsi vasitəsilə təmsil edilməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03.05.2021-ci il tarixli, aktda qeyd edilmişdir ki, Gəncə ERNM-in nümayəndələri, Fəzail Qəhrəmanov, Əmrah Haqverdiyev və Arzu Yusifov, NRYTN-dən daxil olmuş 1-10/729-21 saylı 06.03.2021-ci il tarixli məktubun icrası ilə əlaqədar, Şəxs MMC-nin qanuni nümayəndəsi X3 və Gəncə şəhəri Nizami rayonu Bəxtiyar Əliyev küçəsi 6 saylı binanın 5-ci mərtəbəsində yaşayan şikayətçi X4 ilə birlikdə, həmin binanın damında quraşdırılmış radioavadanlıqlara vizual baxış və radiomonitorinq keçirib, bu aktı tərtib etmişlər. Araşdırma zamanı məlum oldu ki, aşağıda göstərilən avadanlıqlar Azercell MMC və Bakcell MMC-ə məxsus deyil, yəni həmin avadanlıqlar həqiqətən Şəxs MMC-yə məxsusdur, (telefon:***-***-**-**) internet xidmətinin göstərilməsi məqsədilə quraşdırılmışdır və yayımın təşkili qeyri-qanunidir: 1. LHG-5ac-2ND tipli, 5260 MHs tezlikli; 2. NANOSTATİON-M2 tipli, 2299.5 MHs tezlikli; 3. ROCKET-M2 tipli, 2499.5 MHs tezlikli; 4. ROCKET-M2 tipli, 2324.5 MHs tezlikli; ROCKET- M2 tipli, 2394.5 MHs tezlikli (koordinatları N: 40º66'37"; E:46º35'86"). Qeyd olunan avadanlıqlar texniki göstəricilərinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya hesab olunurlar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün, tələb olunan əlavə Şərtlər”in tələblərinə əsasən həmin radioavadanlıqların mülki dövriyyəsinə (istismarına) xüsusi icazə tələb olunur. Şəxs MMC, mövcud qanunvericiliyin tələblərinə əməl etmədən və Radiotezliklər üzrə Dövlət Komissiyasından tezlik resursunun istifadəsinə dair icazə alınmadan, eləcə də qeyd olunan avadanlıqları Dövlət Radiotezliklər İdarəsində qeydiyyata almadan istismar edir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə edilməsi) inzibati xəta törətmişdir. Həmin maddə ilə Şəxs MMC-nin qanuni nümayəndəsi Əhməd Zülfüqarova radioelektron vasitələrdən istifadə etmək üçün, qanunvericilikdə nəzərdə tutulan bütün qanunlar izah edildi. Avadanlıqların istismarının təcili dayandırılaraq demontaj olunub, möhürlənməyə təqdim olunması ona bildirildi. Şəxs MMC-nin nümayəndəsi Əhməd Zülfüqarovun dediyinə görə həmin avadanlıqlar 2 ay bundan əvvəl quraşdırıb, həmin şəbəkə üzərindən xeyli sayda abonentə internet xidməti göstərildiyini əsas gətirərək, avadanlıqların demontaj olunaraq möhürlənməyə təqdim etməyəcəyini bildirdi. Quraşdırılmış avadanlıqların və binanın foto şəkli akta əlavə olunur. Yuxarıda yazılanları nəzərə alaraq Şəxs MMC-nin nümayəndəsi Əhməd Zülfüqarova: 1. Dövlət qeydiyyatından keçmədən istifadə olunan avadanlıqların istismarı dayandırılsın; 2. Avadanlıqlar demontaj olunaraq möhürlənməyə təqdim olunması üçün şərait yaradılsın. 3. Aktın icrası 5 iş günü müddətinə təmin edilsin. Həmin akt iştirakçılar tərəfindən imzalanmış, lakin Əhməd Zülfüqarov aktı imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, binanın üzərinə radioavadanlıqlar quraşdırılmışdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Tenologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin qanunsuz olaraq stifadə etdiyi avadanlıqların və avadanlıqların kökləndiyi tezliklərin istifadə haqqı barədə 25.06.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şəxs MMC qanuni şəkildə Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət edərək tezlik almış olsaydı tezliyin ayrılması ilə əlaqədar aşağıda əks olunan məbləğdə xidmət haqqı ödəməli idi. 1) Tezliyin ayrılması üzrə: Radiorele xətləri üçün 3 ədəd tezlik x 360.00 manat = 1 080.00 manat Baza stansiya üçün 2 ədəd tezlik x 1 000.00 manat = 2 000.00 manat Şəxs MMC Dövlət Radiotezliklər İdarəsinə təqdim edəcəyi anket sənədlərində radioelektron vasitələrinin siyahısını rəsmi təqdim etmiş olsaydı qeydiyyat haqqı üçün təxmini aşağıda əks olunan vasaiti ödəməli olacaqdı. 2) Qeydiyyat haqqı üzrə: 2 ədəd baza stansiya x 1 000.00 manat = 2 000.00 manat 3 ədəd Radiorele xətti x 163.20 manat = 489.60 manat Şəxs MMC Dövlət Radiotezliklər İdarəsinə rəsmi ayrılmış tezliklər olardısa və rəsmi qeydiyyata alınmış avadanlıqların anket sənədlərini təqdim etmiş olsaydı aktda göstərildiyi kimi 2 ay üçün təxmini istismar haqqına görə aşağıda əks olunan vəsaiti ödəməli olacaqdı. 3) İki ay üçün istismar haqqı üzrə: Baza stansiya 1 ədəd x 2 ay x 83.34 manat = 166.68 manat Baza stansiya 1 ədəd x 2 ay x 83.34 manat = 166.68 manat Radiorele xətti 3 ədəd x 2ay x 15.67 manat = 94.02 manat Cəmi ödənilməli məbləğ - 5 996.98 manat Qeyd: Sözü gedən hesablama Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təminatı və istismarına nəzarət tariflərinin Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23.07.2004-cü il tarixli iclasının qərarına əsasən (protokol No.9) 23.07.2004-cü il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təstiq olunmuş tariflərə uyğun hesablanıb. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, "Şəxs” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də "Şəxs” MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü bəndinə əsasən radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalar kimi müəyyən edilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümum istifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilmir. Telekommunikasiya vasitələrinin və qurğularının zəruri texniki sınağının aparılması, texniki və təhlükəsizlik göstəriciləri üzrə rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir. Bu Qanunun 9.4-cü maddəsində nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Ümum istifadəli telekommunikasiya xidmətlərinin sertifikatlaşdırılması könüllü qaydada aparılır. Telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydaları müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddələrinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyənləşdirilmiş hədlərdə, radioelektron vasitələrinin və ya yüksək tezlikli qurğuların işləməsi üçün istifadə oluna bilən radiotezliklər dövlətə məxsusdur və onların tənzimlənməsi dövlətin müstəsna hüququdur. Radiotezliklər istifadə üçün mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılır. Radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Radiotezliklər aşağıdakılar nəzərə alınmaqla ayrılır: tezlik zolaqlarının ayrılma cədvəli və radiotezliklər spektrinin perspektiv istifadə planı; dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və asayişi mühafizə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə ayrı-ayrı subyektlərə ayrılmış radiotezliklərin başqa radiotezliklərə keçirilməsi şərtilə qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi. Ayrılmış tezlik diapazonları üçün verilmiş hüquqları məhdudlaşdırmadan tezlik zolaqlarının ayrılması cədvəlinə 4 ildə bir dəfədən və radiotezliklər spektrindən perspektiv istifadə planına 10 ildə bir dəfədən az olmayaraq yenidən baxılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Televiziya və radio yayımının ehtiyacları üçün radiotezliklərin istifadəsi qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən tənzimlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın, yəni 5996.98 manat məbləğin 2 misli, yəni 11993.96 manat miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın, yəni 5996.98 manat məbləğin 2 misli, yəni 11993 (on bir min doqquz yüz doxsan üç) manat 96 (doxsan altı) qəpik miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar