Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-437/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Astan oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN Gəncə şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş 04 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN Gəncə şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Astan oğlunun Zərərçəkmiş şəxs məxsus yaşayış evinin pəncərəsini sındırmaqla zərərçəkmişə 50(əlli) manat dəyərində ziyan vurması faktı aşkar edilmişdir. Bu barədə Gəncə şəhər Nizami RPB-nin polis sahə rəisi polis mayoru X3 tərəfindən 04 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, Bakı şəhərində xəstəliyi ilə bağlı müalicə aldığı vaxtda, ona məxsus Gəncə şəhəri, Təbriz küçəsi, ev 258-də təmir işləri aparılmışdır. Həmin vaxt qonşusu tərəfindən mütamadi olaraq onun evi və həyəti daşlanmış, ona müxtəlif maddi zərər dəymişdir. O, bu barədə dəfələrlə şikayət etməsinə baxmayarq, heç bir tədbir görülməmişdir. Sonda o, qonşusu Şəxs Astan oğlunun barəsində qanuna uyğun qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Astan oğlu və Gəncə şəhər Nizami rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Astan oğlu təqsirini qəbul etməyərək bildirmişdir ki, o, zərərçəkmiş şəxsin həyətinə daş ataraq pəncərəsini sındırmamışdır. Onun həyətinin bir tərəfində hasar olmadığı üçün istənilən şəxs onun həyətinə daxil olaraq zərərçəkmiş şəxsin həyətinə daş ata bilər. Hətta ola bilsin ki, zərərçəkmiş şəxs onu şərləmək üçün qəsdən özü pəncərəni sındırmışdır. Buna görə də o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs evində usta işləmişdir. Qonşu həyətdən tez-tez zərərçəkmişin həyətinə daş atıldığını görmüşdür, lakin daşı atanın kim olduğunu o, dəqiq bilmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Astan oğlu Zərərçəkmiş şəxs yaşadığı evinin pəncərəsini sındırmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Nizami RPİ-nin İTB-nə göndərilməsi, gələcəkdə baş verə biləcək qanunsuz hərəkətlərin qarşısının alınması məqsədi ilə həmin şəxslərlə qabaqlayıcı profilaktiki tədbirlər aparılması üçün aiddiatı əməkdaşlar tərəfindən profilaktiki tədbirlər keçirilməsi üçün qərarın surətinin Nizami RPİ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Gəncə şəhər Nizami rayon Polis İdarəsinin 04 may 2021-ci il tarixli, MN ******* saylı protokolunun surətindən görünür ki, Şəxs Astan oğlu Zərərçəkmiş şəxs məxsus yaşayış evinin pəncərəsini sındırmaqla zərərçəkmişə 50 manat dəyərində ziyan vurmuşdur. Nəticədə Şəxs Astan oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Astan oğlunun Zərərçəkmiş şəxs əmlakını qəsdən məhv etməsinin və ya zədələməsinin törədilməsində təqsiri sübut olunmadığından, onun əməlində İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş Rzayeva X1 Orxan Astan oğlu tərəfindən onun həyətinə daş atılmasını subuta yetirə bilməmişdir. Məhkəmə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 aprel 2021-ci il tarixli qərarda göstərilən şahidlər X2 və Şahid2 izahatları ilə əlaqədar onu qeyd edir ki, həmin şahidlər izahatlarında Zərərçəkmiş şəxs evinə daş parçasının atılmasını bildirsələr də, həmin daş parçasının konkret olaraq kim tərəfindən atılmasını bildirməmişlər. Həmçinin zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş video görüntülərdə onun həyətinə daş atıldığı görsənsə də, həmin daşın konkret olaraq Şəxs tərəfindən atılması sübut olunmur. Halbuki qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törədənin təqsirli olması üçün sübutlar konkret olmalıdır və fərziyyələrə əsaslana bilməz. Digər tərəfdən İXM-in 8.2ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir İXM-in 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Astan oğlunun əməlində İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 105, 115, 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Astan oğlunun barəsində 04.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-437/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-437/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver