Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-438/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiyasiyası Gəncə şəhər filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiyasiyası Gəncə şəhər filialının Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası FHN DYNX Gəncə regional X3 İdarəsi tərəfindən tərtib edilmiş 08.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 08.04.2021-ci il tarixdə Gəncə şəhəri Ə.Cəmil küçəsində yerləşən “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiyasiyası Gəncə şəhər filialında yanğın-texniki müayinəsi zamanı nöqsanlar aşkar olunmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxid kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Eyni zamanda qanunvericilik imkan verir ki, əgər hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi faktı aşkar edildikdə onun barəsində əlavə araşdırılması zərurəti yarandıqda inzibati xəta haqqında icraatın başlanması haqqında protokol dərhal deyil iki gün müddətində tərtib edilə bilər. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin dispozisiyası blanket xarakterli olmaqla mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. Normanın dispozitiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilən hər hansı fiziki şəxs, 2) vəzifəli şəxslər, 3) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsindən ibarətdir. Həmin inzibati xətaya görə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər üçün məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmçinin Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilatisərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Lakin qanunvericiliyin tələbinə əsasən belə səlahiyyətlər yalnız hüquqi şəxsin vəzifəli şəxsinə aid olduqda törədilən əməl inzibati qaydada hüquqi nəticələr doğura bilər. Həmçinin qanunvericilik normasının məzmunundan göründüyü kimi, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməklə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq həmin hüquqi şəxsin rəhbəri və ya başqa işçisi tərəfindən törədilən inzibati xəta ilə bağlıdır. Bu halda xətaya görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiqi, həmin tədbirin tətbiqinə səbəb olmuş eyni xəta ilə bağlı fiziki şəxsin də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilmir. Qeyd edilməlidir ki, fiziki şəxsin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarını qorumaq üçün törətdiyi əməl o halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər ki, fiziki şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olsun. Beləliklə, fiziki şəxsin əməlində inzibati tərkibi olmadıqda, o cümlədən fiziki şəxs barəsində iş üzrə icraata bəraətverici əsaslara xitam verildikdə, fiziki şəxsin törətdiyi əmələ görə məsuliyyətə cəlbetmə müddətləri keçdikdə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə hər hansı hüquqi şəxsin məsuliyyətinin yaranması üçün onun müvafiq tələblərə cavab verən vəzifəli şəxsinin əməlində həmin xətanın tərkib əlamətləri olmalıdır. Hazırki işin hallarından görünür ki, Gəncə regional X3 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 08.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda iddia edilən inzibati xəta hadisəsinin Gəncə şəhəri Ə.Cəmil küçəsində yerləşən “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiyasiyası Gəncə şəhər filialında aşkar edilməsi göstərilmişdir. Lakin protolkol və ona əlavə edilmiş materialda bu xətaya görə Cəmiyyətin məsuliyyətinin müəyyən edilməsi üçün hansı hüquqi əsas olması, filialın hansı vəzifəli şəxsi və ya vəzifəli şəxsin nəzarət etməli olduğu işçisi tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsinin hansı hərəkətlərdə ifadə olunması qeyd edilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Belə ki, mağazada yanğın texniki müayinə zamanı nöqsanlar aşkar edildiyi qeyd olunsa da, konkret hansı şəxlərin yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərini pozması və ya yerinə yetirməməsi, həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi kimi məsələlər aydınlaşdırılmamış və bu barədə sübutlar işə əlavə edilməmişdir. Hazırki işin hallarından isə görünür ki, təqdim edilmiş materiallardan SOS Uşaq Kəndləri Azərbaycan” Assosiyasiyası Gəncə şəhər filialının istifadəsində olan obyektdə yanğın texniki müayinə zamanı nöqsanlar olması faktının aşkar edildiyi ümumi sözlərlə göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə törədilən inzibati xətanın mahiyyəti dəqiq göstərilməlidir. Lakin hazırki protokolda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsinin konkret olaraq hansı vəzifəli şəxsin hərəkət və hərəkətsizliyində ifadə olunması göstərilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Göstərilənlərdən əlavə olaraq qeyd edirəm ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.16-cı bəndinə görə həmin Məcəllənin 518-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 4.3-cü bəndinə görə Məcəllənin 518-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X3 Xidmətinin rəisi, onun müavinləri, müvafiq ərazi və regional X3 idarələrinin rəisləri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 İdarəsinin rəisinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İXM-nin 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qismində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (X3 Xidmətinin rəisi, onun müavinləri, müvafiq ərazi və regional X3 idarələrinin rəisləri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 İdarəsinin rəisi) İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilməlidir. Hazırki işin hallarından isə görünür ki, Gəncə regional X3 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 08.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşı, yəni idarənin inspektoru X1 tərəfindən tərtib edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq hesab edirəm ki, işin baxılmasına mane olan hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan SOS Uşaq Kəndləri Azərbaycan” Assosiyasiyası Gəncə şəhər filialının Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası FHN DYNX Gəncə regional X3 İdarəsi tərəfindən tərtib edilmiş 08.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədibtörətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiyasiyası Gəncə şəhər filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 08.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-438/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-438/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver