Məhkəmə qərarları › İş №3(044)-453/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-453/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-453/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin İct.-in T.İ.-nin inspektoru, polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İct.-in T.İ.-nin inspektoru, polis kapitanı X1 tərəfindən Şəxs barəsində tərtib edilmiş 06.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Gəncə şəhəri Toyota Mərkəzi”ndə işçilər və “Mərkəz” pandemiya qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti müəyyən edilmişdir. 06.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda “Gəncə şəhəri Toyota Mərkəzi”ndə işçilər və “Mərkəz” tərəfindən pandemiya qaydalarına riayət edilmədiyi göstərilsə də, həmin inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib edilmişdir. Qeyd edilən inzibati xəta işçilər tərəfindən törədildiyi təqdirdə həmin fiziki şəxslərin barəsində, “Gəncə şəhəri Toyota Mərkəzi” tərəfindən törədildiyi təqdirdə həmin hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilməli idi. İnzibati xətalar haqqında işlərə baxılarkən həll edilən məsələlərdən biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında göstərilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və həmin qüsurların işə baxılarkən aradan qaldırılması qeyri-mümkün olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 06.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinə geri qaytarılsın. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar