Məhkəmə qərarları › İş №3(044)-455/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-455/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-455/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və raportdan müəyyən olunur ki, Şəxs 06.05.2021-ci il tarixdə Gəncə şəhəri, Yeni Gənə qəsəbəsində ictimai yerdə ucadan səs-küy salmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPB-nin polis sahə rəisi, polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 06.05.2021-ci il tarixdə əməliyyat müvəkkili polis leytenantı Şahid1, polis leytinantı Elmar Kərimov və polis baş leytenantı Şahid2 birgə Nizami RPB-nin inzibati ərazisində xidmətdə olarkən adı onlara sonradan məlum olan Şəxs Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində oğurluqla bağlı şübhələnərək özlərini təqdim edib sonuncudan şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Vətəndaş Şəxs sənəd təqdim etmədən özünü qeyri-səmimi aparmış, şəxsiyyətini müəyyənləşdirmək üçün polis idarəsinə dəvət edilərkən polisin qanuni tələbinə tabe olmayaraq ucadan səs-küy salmış, buna görə də həmin şəxsi Nizami RPB-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu əməlini etiraf edərək bildirdi ki, 06.05.2021-ci il tarixdə Gəncə şəhər Yeni Gəncə qəsəbəsində evdən əsəbləşib çıxmış və onu görən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. O, əsəbi olduğundan polis əməkdaşlarına nalayiq söyüşlər işlədərək sənədi verməkdən imtina etmiş, onu polis idarəsinə dəvət edən polislərin qanuni tələbinə tabe olmayaraq idarəyə getməkdən imtina etmişdir. O, etdiyi əməldən çox peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Sonda o, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami rayon PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 izahat verərək bildirmişdi rki, 06.05.2021-ci il tarixdə əməliyyat müvəkkili polis leytinantı Şahid1 və polis letenantı Elmar Kərimovla birgə Nizami RPB-nin inzibati ərazsində xidmətdə olarkən adı onlara sonradan məlum olan Şəxs Ariz oğlundan Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində oğurluqla bağlı şüphələnərək özünü təqdim edərək şəxsiyyətini təstiq edən sənətini təqdim etməsini xahiş etmişdir. Vətəndaş Şəxs özünü qeyri səmimi apararaq nalayiq söyüşlər işlədərək sənədi təqdim etməkdən və şəxsiyyətini dəqiqləşdirmək üçün idarəyə getməkdən imtina etmiş, onların qanunu tələblərinə tabe olmamışdır. Buna görə də həmin şəxsi Nizami RPB-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 06.05.2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06.05.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar