Məhkəmə qərarları › İş №3(044)-456/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-456/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-456/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1955-ci il tarixdə Gədəbəy rayonu,Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Pirqulu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində VAZ 21099 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəmkir rayonu istiqamətindən Gəncə şəhəri istiqamətinə hərəkətdə olarkən yol hərəkəti qaydasını pozmaqla sola dönmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün əks istiqamətdə hərəkətdə olan Fərid Əmirovun idarə etdiyi Nissan Trail markalı avtomobillə toqquşmuşdur. Şəxs idarə etdiyi avtomobi ilə digər avtomobilin toqquşması nəticəsində həmin avtomobilin sürücüsü X7 və Şəxs avtomobilində olan digər iki nəfər X4 və X3 xəsarət almışlar. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXMin) 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində o, Gəncə şəhərində yerləşən yeni Şəmkir avtovağzalında olarkən təsadüfən əvvələr tanıdığı İlhamə və onun yanında olan əlavə iki nəfərlə rastlaşmışlar. Həmin vaxt onları gətirən Qazel markalı avtomobilin tanımadığı sürücüsü ona yaxınlaşıb ondan xahiş etmişdir ki, həmin şəxsin avtomobili ilə gələn onun tanıdığı İlhamə və onun yanındakı şəxsləri də Gəncə şəhərinin mərkəzi istiqamətinə aparsın. O, da şəhərin mərkəzi istiqamətinə gəldiyi üçün İlhaməgili idarə etdiyi avtomobilə mindirmişdir. Sonradan adı ona Mətanət kimi məlum olan şəxs isə avtomobildə qabaq oturacaqda oturmuşdur. O, da idarə etdiyi avtomobillə Şəmkir rayonu istiqamətindən Gəncə şəhəri istiqamətinə doğru saatda 50-55 km/s ilə gəlib “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında olan işıqforda sola dönmə əməliyyatı apardığı üçün o, idarə etdiyi avtomobilin surətini azaldıb təxminən 20-25 km/s ilə sola M.Q.Əliyev küçəsinə doğru dönən zaman sağa baxmış, həmin vaxt onunla eyni istiqamətdə digər avtomobillərdə dönmə əməliyyatı aparmış, dönmə əməliyyatını o, da aparan zaman qəflətən sağ istiqamətdən bir avtomobilin onun idarə etdiyi avtomobilin sağ yan hissəsindən vuraraq toqquşmasını hiss etmişdir. Dərhal hadisə yerinə ətrafdan toplaşan şəxslər onu və onun avtomobilində olan sərnişinləri avtomobildən kömək edib düşürmüşlər. Sonra o, və avtomobildə olan İlhamə adlı qadın xəsarət aldıqları üçün onları Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. Hazırda etmiş olduğu əməldən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli inzibati xətaya dair icraat başlamaq haqqında qərardan görünür ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati icraat başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 1265 nömrəli məhkəmə-tibb ekspertizası aktında qeyd olunmuşdur ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ said nahiyəsinin yumşaq toxumalarının əzilməsi (qançırı, sıyrığı və şişkinliyi)– bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 1303 nömrəli məhkəmə-tibb ekspertizası aktında qeyd olunmuşdur ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ təpə gicgah nahiyəsinin və sol əlinin 2 barmağının üst sətnin yaraları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli 1320 nömrəli məhkəmə-tibb ekspertizası aktında qeyd olunmuşdur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ baldır nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, alın nahiyyəsinin sıyrığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, İXM-in 32.1.1 maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, ilk dəfə inzibati xəta törətdiyini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar