Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-461/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, şikayətçinin müdafiəçisi və nümayəndəsi X4 iştirakı ilə, X1 06.03.2020-ci il tarixli, **********6033 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən barəsində tərtib edilmiş 06.03.2020-ci il tarixli, **********6033 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-218/2020 nömrəli, 31.08.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 06.03.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı lığv edilərək, iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsi Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-218/2020 nömrəli, 31.08.2020-ci il tarixli qərarını ləğv edərək, inzibati xəta haqqında materialın yenidən baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Məhkəmə iclasında iştirak edən şikayətçinin müdafiəçisi ərizəni müdafiə edərək bildirdi ki, şikayətçi Zeynal Zeynalov ümumiyyətlə xarici valyuta mübadiləsi ilə məşğul olmamışdır. Zeynal Zeynalov 2019-cu ilin dekabr ayından Gəncə şəhəri, N.Nərimanov prospekti 298D ünvanında Azərbaycan-Türkiyə-Rusiya marşrutu üzrə gedən avtobuslara bələdçilik edir və orada sərnişinlərin yola salınmasına xidmət edir. 24.02.2020-ci il tarixdə vergi əməkdaşları Zeynal Zeynalov barəsində akt, inzibati protokol tərtib edərək sonuncunun həmin sənədləri imzalamaqdan imtina etdiyini qeyd etmişlər, halbuki Zeynal Zeynalovun həmin sənədlərdən məlumatı olmamış və həmin vaxt orada olmamışdır. Həmçinin aktda və protokolda Z.Zeynalovun hansı şəxsin 2500 ABŞ dollarını 4250 manata dəyişəsini qeyd etməmişlər. Əgər həqiqətən Z.Zeynalov pul dəyişmiş olsa idi, protokolda və aktda pulu dəyişdirən şəxsin adı və imzası olmalı idi. Sonda şikayətçinin müdafiəçisi heç bir inzibati xəta olmadan olmadan Z.Zeynalov barəsində tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxti və yeri qaydada lazımi qaydada xəbardar edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, Gəncə Apellyasiya Məhkəməsinin qərarında göstərilən halları araşdıraraq, şikayət vermiş şəxzsin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 24.02.2020-ci il tarixli, 000576 nömrəli aktdan görünür ki, baş dövlət vergi müffətişi X7 və dövlət vergi müffətişi X2 tərəfindən operativ vergi nəzarəti həyata keçirilərkən 24.02.2020-ci il tarixə, saat 13:25 radələrində Gəncə şəhəri, N.Nərimanov prospekti 298D ünvanında X1 2500 ABŞ dollarını 4250 manata dəyişdirməsi aşkar edilmiş, heç bir rəsmi sənəd təqdim olunmamış və X3 aktı imzalamaqdan imtina etmişdir. - 24.02.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 24.02.2020-ci il tarixə, saat 13:25 radələrində Gəncə şəhəri, N.Nərimanov prospekti 298D ünvanında X1 2500 ABŞ dollarını 4250 manata dəyişdirməsi faktı aşkar olunmuş, nəticədə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. - 06.03.2020-ci il tarixli, **********6033 nömrəli qərardan görünür ki, X3 24.02.2020-ci il tarixli, OVN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 80% miqdarında, yəni 3400 manat cərimə edilmişdir. Əvvəlki məhkəmə araşdırılması zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş, baş dövlət vergi müfəttişi X7 izahatında göstərmişdir ki, 24.02.2020-ci il tarixdə, saat 13 radələrində o, dövlət vergi müfəttişi Nizami Abdullayevlə birlikdə rəhbərliyin rəsmi göstərişi ilə ərazidə yoxlama apararkən bir nəfər qadının əlində ABŞ dolları ilə Z.Zeynalova məxsus Gəncə şəhəri, N.Nərimanova rpospekti 298D ünvanındakı obyektə daxil olduğunu və çıxarkən manatla çıxdığını görmüşlər. Onlar həmin qadına yaxınlaşaraq obyektə nə məqsədlə daxil olduğunu soruşmuşlar, sonuncu isə valyuta mübadiləsi etdiyini bildirmişdir. Bundan sonra onlar portaldan həmin obyektin vergi ödəyicisi olub-olmadığını araşdırmış və vergi ödəyicisi olmadığını müəyyən etdikdən sonra həmin obyektə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin vaxt orada bir nəfər oğlan olmuşdur. Onlar həmin vaxt qadının nə qədər valyuta mübadilə etdiyini stolun üzərindəki kağızda 2500 ABŞ dolları yazılmasından bilmişlər. Daha sonra Z.Zeynalov ora yaxınlaşmış, onlar bu barədə akt və protokol tərtib etmişlər, lakin Z.Zeynalov həmin sənədləri imza etməkdən imtina etmişdir. Hazırki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, 24 fevral 2020-ci ildə saat bir radələrində baş dövlət vergi müfəttişi Xəlilov Emillə birlikdə rəhbərliyin rəsmi göstərişi ilə ərazidə yoxlama apararkən bir nəfər qadının əlində ABŞ dolları ilə Zeynal Zeynalova məxsus obyektə daxil olmasını, çıxarkən isə manatla çıxdığını görmüşdür. Həmin qadın valyuta mübadiləsi etdiyini dedikdən sonra, portaldan həmin obyektin vergi ödəyicisi olub-olmamasını araşdırmış, vergi ödəyicisi olmadığını müəyyən etdikdən sonra orada bir nəfərin olmasını görmüş və yaxınlaşanda stolun üzərində 2500 ABŞ dolları yazısını görmüşdür. Zeynalov aktı və protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki,iş materiallarında olan akt, inzibati xəta haqqında protokol, şahidlərin izahatları ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında həmin sübutların mötəbərliyini şübhə altına alan hər hansı hallar aşkar edilməmişdir. Bundan başqa da şikayətçinin şikayətinin dəlillərindən də göründüyü kimi o Azərbaycan-Türkiyə-Rusiya marşrutu üzrə gedən avtobuslara bələdçilik etməklə məşğuldur. Onun işi sərnişinlərin yola salınmasına xidmət etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi şəxslərin xaricə yola salınması ilə məşğul olan bir şəxsin xarici valyuta mübadiləsi ilə də məşğul olması qaçılmazdır. Çünki bu fakt yuxarıda sadalanmış sübutlarla öz təsdiqini tapmışdır. Şikayətçinin şikayətdə qeyd edilən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da onun təqsiri iş materialları ilə sübut edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X3 barəsində tərtib edilmiş 06.03.2020-ci il tarixli, **********6033 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-461/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-461/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver