Məhkəmə qərarları › İş №3(044)-462/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-462/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-462/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs və onun müdafiəçisi X1, İnzibati protokol tərtib etmiş şəxs-Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 1-ci dalan, ev 12-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir ona görə ki, o Gəncə şəhəri BPİ-nin PPXT-nin yazmış olduğu raportun icrası zamanı Nizami RPİ-nin binasında ucadan səs küy salaraaq xidməti iş fəaliyyətini pozmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3 protokolda göstərilən xüsusatlara uyğun izahat verərək göstərdi ki, X3 tibbi maskadan istıfadə etmədiyi üçün ona irad bildirmişlər. O isə nalayiq ifadələr işlədərək ucadan səs küy salmışdır. Onlar, onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə məhəl qoymamışdır. Ona görə də onu Nizami RPİ-nin Növbətçi hissəsinətəhvil vermişlər. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, həqiqətən də tibbi maskadan istifadə etməmişdir. Bunun səbəbi isə odur ki, həkim tərəfindən ona tibbi maskadan istifadəyə qadağa qoyulmuşdur. Belə ki, o uzun müddətdir ki, nəfəs almada çətinlik çəkir. Dəfələrlə həkimlərə müraciət etmişdir. Məhkəmədən anasına zəng edilərək ona aid tibb sənədlərin məhkəməyə gətirilməsini və ona daha yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X8 izahatında göstərdi ki, o Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin manqa komandiri vəzifəsində çalışır. Şəxs tibbi maskadan istifadə etmədiyi üçün ona yaxınlaşmış, qanunun tələbləri ona izah edilmişdir. Ondan şəxsiyyətini təsdiq edən sənəd tələb edildikdə o ucadan səs küy salmış, onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 izahatında göstərdi ki, Şəxs protokol tərtib edilməsi üçün ondan ad və soyadını soruşmuş, o isə anlaqsız olduğunu və ad soyadını söyləməyəcəyini bildirmiş, polisin qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi qismən etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək, inzibati protokol tərtib etmiş şəxsi dinləyib hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun tələbindən də göründüyü kimi o halda şəxs qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb edilir ki, tələb edən şəxs polis əməkdaşı olmalı və onun tələbi qanuni olmalıdır. Tələb edən şəxslərin polis əməkdaşları olması işin halları ilə, o cümlədən inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır. Polis haqqında Azərbaycan Respublikasının Qanununa əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdə özünü ehtiva edir.İşin hallarından göründüyü kimi ictimai yer hesab edilən Gəncə şəhəri Nizami küçəsində, insnaların daha çox intensiv hərəkətinin müşahidə edildiyi vaxtda, yəni saat 16.15 radələrində Şəxs ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etmişdir. Odur ki, məhkəmə hesab edir ki, onun əməlində AR İXMnin 510-cu maddəsinin də tərkib hissəsi mövcuddur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sansksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs həbs növündə inzibati tənbeh verilməsi qənaətinə gələrkən onun himayəsində 59 yaşlı anasının olmasını nəzərə almışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs xəstə olması və məhkəmədən anasından tibbi sənədlərin məhkəməyə gətirilməsinə dair dəlillərinə münasibətdə məhkəmə onu qeyd edir ki, məhkəmə işçisi tərəfindən onun anası Verdiyeva Nəziyrə ilə əlaqə saxlanılarkən anası oğlunda hər hansı xəstəliyin olmamasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati həbs seçilməli, həbsin əvvəli 20 may 2021-ci il, saat 16:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh edilsin. İnzibati həbsin əvvəli 20 may 2021-ci il, saat 16:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar