Məhkəmə qərarları › İş №3(044)-468/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-468/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-468/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, X3 oğlunun iştirakı ilə, X4 DİN Baş Dövlət YPİ-nin 15.05.2021-ci il tarixli, EQ ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı X7 haqqında elektron qərarlarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 DİN Baş Dövlət YPİ -nin, 15.05.2021-ci il tarixli, EQ ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı X7 haqqında elektron qərarlarından məhkəməyə şikayət verərək, X7 haqqında qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o FORD TRANSİT YÜK markalı ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə edir. 12.05.2021-ci il tarixdə avtomobili texniki baxışdan keçirmək istəyərkən ona bildirmişlər ki, o törətdiyi inzibati xətalara görə təyin olunmuş cəriməni ödəməlidir. Bununla əlaqədar DYPİ-nə müraciət etmişdir. Oradan ona DİN BDYPİ-nin rəis müavini polis polkovniki Elşən Kazımovun inzası ilə 15.05.2021-ci il tarixli X7 Haqqında EQ seriyalı 6430534 saylı, ******* saylı, ******* saylı və ******* saylı inzibati xəta haqqında qərarların surəti verilmişdir. Buna qədər ona bu qərarlar barədə heç bir məlumat verilməmişdir. O, qərarları tələb edən gündən sonra telefonuna bu barədə məlumat ötürülmüşdür. Həmin qərarların hamısında göstərilir ki, guya o, sfetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək hər dəfə 60 manat olmaqla, cəmi 240 manat məbləğində inzibati cərimə olunmuşdur. Göstərilən inzibati xəta haqqında qərarlar onun hüququnu məhdudlaşdırmışdır. O,qərarlarda gostərilən inzibati xətanı törətməmişdir. Əgər qeyd edilən tarixlərdə o inzibati xəta törətsəydi həmin vaxt ona məlumat verilməliydi. Məlumat verilmədiyi üçün o, avtomobili texniki baxışdan keçirə bilmir və buna görə şəhər kameralarından ona cərimə gəlir. Məhkəmə iclasında iştirak edən X5 DİN Baş Dövlət YPİ-nin 15.05.2021-ci il tarixli, EQ ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı X7 haqqında elektron qərarlarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə laızmi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - 15.05.2021-ci il tarixli, EQ ******* saylı, ******* saylı, ******* saylı və ******* saylı X7 haqqında elektron qərarların surətindən görünür ki, X5 nəqliyyat vasitəsini istifadə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə təqsirli bilinərək, cəmi 240 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyərək, onun izahatlarını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq belə hesab edir ki şikayət təmin edilməli, DİN Baş Dövlət YPİnin 15.05.2021-ci il tarixli, EQ ******* saylı, ******* saylı, ******* saylı və ******* nömrəli qərarları ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddələri ilə təqsirli bilinərək cəmi 240 manat məbləğində inzibati qaydada tənbeh edilmişdir. X2 vəzifəli şəxsin qərarından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verib qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə bu qənaətə gəlir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığından DİN Baş Dövlət YPİ-nin 15.05.2021-ci il tarixli, EQ ******* saylı, ******* saylı, ******* saylı və ******* nömrəli qərarları ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarlardan göründüyü kimi 06 mart 2021-ci ildə, saat 18.44-də baş vermiş inzibati xətaya görə qərar 15.05.2021-ci ildə, 26.03.2021-ci ildə baş vermiş xətaya görə qərar 15.05.2021-ci ildə, 07.12.2020-ci ildə baş vermiş inzibati xətaya görə qərar 15.05.2021-ci ildə və 02.03.2021-ci ildə baş vermiş inzibati xətaya görə isə qərar 15.05.2021-ci ildə qəbul edilmişdir. Məhkəmə qeyd edilən qərarların hüquqi qüvvəsinin olmaması qənaətindədir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İşin hallarından göründüyü kimi X5 tərəfindən inzibati xəta törədilsə də belə həmin xəta aşkar edildiyi andan mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməmiş, nəticədə bundan bir neçə ay keçdikdən sonra, yəni 15.05.2021-ci ildə elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12, 53, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət YPİ-nin 15.05.2021-ci il tarixli, EQ ******* saylı, 15.05.2021-ci il tarixli ******* saylı, 15.05.2021-ci il tarixli ******* saylı və 15.05.2021-ci il tarixli ******* nömrəli qərarları ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar