Məhkəmə qərarları › İş №3(044)-472/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-472/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-472/2022 02.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Şəxs Tofiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Samux rayonu, Ağasıbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Happy Kids” mağazasının qarşısında Şəxs mağazanın il dönümü ilə bağlı musiqi cihazını idarə edən X2 ilə mübahisə edərək, ona əl zərbəsi ilə vurmaqla dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 02 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahat verərək bildirdi ki, Şəxs 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Happy Kids” mağazasının qarşısında mağazanın il dönümü ilə bağlı musiqi cihazını idarə edən X2 ilə mübahisə edərək, ona əl zərbəsi ilə vurmaqla dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 02 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. 16 aprel 2022-ci il tarixdə səhər radələrində müharibə iştirakçıları və qazilər ilə birgə Şəhidlər Xiyabanına ziyarətə getmişlər. Şəhidlər xiyabanından qayıtdıqdan sonra Nizami küçəsində özünə aid kiçik piştaxtanın üzərində lotereya satırmış, həmin vaxt digər müharibə iştirakçıları da onun yanında olmuşdur. Nizami küçəsində yerləşən “Happy kids” mağazasının qarşısında bir nəfər tanımadığı şəxs dj aparaturasını qoşaraq uca səslə musiqi səsləndirirmiş, həmin zaman oradan keçən şəhid anası ağlayaraq oğlunun şəhid olmasını və ramazan bayramı olmasını həmin musiqi səsləndirən şəxsin isə öz kefində olmasını bildirmiş, sözlər ona və orada olan digər yoldaşlarına pis təsir etmişdir. Mağazaya yaxınlaşıb musiqini kəsmələrini və aparatların oradan yığışdırılmasını tələb etmişlər, həmin zaman mağazadan 10 dəqiqə ərzində musiqini dayandıracağını bildirilmiş, lakin musiqinin səsi kəsilməmiş və həmin şəxs orada yenədə musiqi sələndirmişdir. Yenidən 10 dəqiqə sonra həmin yerə bir daha yaxınlaşmışlar. Adı sonradan ona məlum olan Marif adlı şəxslə mübahisələri düşmüşdür. Yanında olan Rahil həmin aparaturanın səsini kəsmək üçün naqilləri çıxarmış, digər dostu Samir isə musiqinin səsini kəsmədiyi üçün Marifə iradanı bildirmişdir. Marif “yaxşı edirəm” deyən kimi Marifin üz nahiyyəsinə iki dəfə əli lə zərbə vurmuşdur. Digər dostları isə Marifi orada vurmamışdır. Sonra Marif mağazaya daxil olmuş, özləri isə oradan uzaqlamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 aprel 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar