Məhkəmə qərarları › İş №3(044)-473/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-473/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-473/2022 02.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib icra məmuru X8 bildirdi ki, xx.xx.1994-cü il Gəncə şəhərində anadan olmuş AR-nın vətəndaşı, subay, Gəncə şəhəri, Nizami rayonu,S.Qazıyeva küçəsi,ev 8 ünvanında yaşayan Şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2093/2021 saylı, 26.11.2021-ci il tarixli icra sənədinə əsasən hər ay iki uşağın saxlanılması üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə bir neçə dəfə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 2880 manat aliment tələbi ilə bağlı borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar X7 izahat verərək bildirmişdir ki, Şəxs uzun müddətdir aliment borcundan heç bir ödəniş etməmişdir. Sonda o, borcunu ödəmədiyi üçün məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. Ona bir ay vaxt verilərsə, borcunundan 200-300 manat ödəyəcəkdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 02 iyun 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2093/21 saylı, 26.11.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 240 manat tutularaq X3 ödənilməlidir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(044)- 2093/21 saylı icra vərəqəsindən görünür ki, iddiaçı X2 cavabdeh Şəxs qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(044)-2093/21 saylı qətnaməsinə əsasən, 16.08.2014-cü il təvəllüdlü X4 və 14.06.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. - 16.12.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru X9 16.12.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(044)-2093/21 saylı icra sənədini icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra darəsinin 05.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(044)-2093/21 saylı icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra darəsinin 10.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(044)-2093/21 saylı icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Şəxs 16.12.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, borcu ödəməkdən imtina edir və aliment borcunu ödəməyəcəyini bildirir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq alimentin çox hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Həmçinin hazırda o, inzibati məsuliyyətdən yayınmaq üçün 1 ay verilərsə borcundan ödəniş edəcəyini bildirmişdir. O, sadəcə maddi imkanı olmadığını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs üçüncü qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 02.06.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 02.06.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar