Məhkəmə qərarları › İş №3(044)-48/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-48/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-48/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azər-Avtonəqliyyat ASC-də sürücü işləyən, Gəncə şəhəri, M.C.Paşayev küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və materiala əlavə edilmiş sənədlərdən görünür ki, 29.09.2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsi, ev 15də yaşayan Şəxs idarə etdiyi “İsuzu Bogdan” avtobus markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtobusla Gəncə şəhəri, Nizami prospekti, Mərkəzi Univermağın yaxınlığında dayanacaqda avtobusun arxa qapısından nəqliyyat vasitəsinə daxil olmuş sərnişin-11.10.1966-cı ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 3-cü küçədə yaşayan X1 avtobusa yerləşməsini gözləmədən nəqliyyat vasitəsini ani anda yerindən hərəkət etdirmiş və nəticədə avtobusdan yerə yıxılmış sərnişin X1 yüngül dərəcədə xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 07.01.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirdi ki, 29.09.2021-ci il tarixdə yaşadığı ünvana getmək məqsədilə “Univermaq” adlanan ərazidə 11nömrəli avtobusa minmək istəmiş, dayanacağa yaxınlaşdıqda orada dayanan 11 nömrəli avtobusun arxa qapısının açıq olduğunu görmüş, həmin qapıdan avtobusa minmək istəmiş, avtobusa daxil olarkən avtobusun pilləkənində olan zaman avtobus anidən hərəkətə başlamış, o, müvazinətini itirərək arxası üstə yerə yıxılmış, daha sonra sürücü və digər şəxslər onun ətrafına toplaşmış və onu 3 saylı şəhər xəstəxanasına aparmışlar. Orada müalicə olunduqdan sonra o, evə buraxılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuna müvafiq inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, “İsuzu” minik markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. O, 29.09.2021-ci il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi avtobusla Nizami prospekti “Univermaq” adlanan ərazidə dayanacaqda dayanmışdır. O, sərnişin qəbul etdiyindən avtobusun hər iki qapısı açıq vəziyyətdə olmuş, onun dayanacaqda durma vaxtının bitdiyini, azyaşlı uşağın qaçaraq ön qapıdan mindiyini görmüş, ön qapını bağlamış və sağ tərəf yan güzgüdən bir nəfər şəxsin arxa qapıdan avtobusa minməsini görmüşdür. O, avtobusu çox az sürətlə hərəkətə gətirib yola çıxmaq istəyərkən, avtobus yerindən tərpənən zaman həmin şəxs müvazinətini itirmiş və avtobusun pilləkənlərindən yerə yıxılmış, daha sonra onlar dərhal 103 xidmətinə məlumat vermişlər və hadisə yerinə tanımadıqları şəxslər toplaşmışlar. Hadisə yerinə gələn TTY avtomobili həmin şəxsi 3 saylı şəhər xəstəxanasına aparmış, sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmış, hadisə yerini müayinə etmişlər, sonra onun idarə etdiyi avtobusu DYPŞ-nin müvəqqəti duracağına yerləşdirmişlər. O, polis əməkdaşları ilə birlikdə narkoloji dispanserə getmiş, orada sərxoşluq müayinəsindən keçdikdən sonra ayıq olması müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb onun piyadanın tamamilə yerləşməsini gözləmədən avtobusu hərəkətə gətirməyi olmuşdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İşin hallarından görünür ki, təhqiqat zamanı X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 10.11.2021-ci il tarixli 1818 nömrəli rəyinə əsasən X1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti 29.09.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar