Məhkəmə qərarları › İş №3(044)-485/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-485/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-485/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 25-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılıb ona görə ki, Şəxs 14.02.2021-ci il tarixdə saat 00:05 radələrində Gəncə şəhər “keçmiş Şəmkir avtovağzalı” adlanan yerin yaxınlığında tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğu üçün həmin ərazidə xidmətdə olan Nizami RPİ-nin PPXT-nin polis nəfəri yaxınlaşıb irad bildirən zaman Şəxs polisin qanuni tələbinə tabe olmayaraq intizamsız hərəkətlərinə davam etdiyi üçün saxlanılaraq aidiyyatı üzrə Nizami RPİ-nə gətirilmiş və saxlanılmışdır. Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış zamanı üzərindən əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibində gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi “0.195” qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. İnzibati icraat zamanı aşağıdakı sənədlər inzibati araşdırmanın predmetini təşkil etmiş və həmin sənədlərin məzmununa istinad edilmişdir: İş materiallarına əlavə edilmiş 20 aprel 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 211.1-ci və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 211.1-ci maddələri ilə özünü təqsirli bilərək, İXM-nin 535.1-ci maddəsi ilə isə özünü təqsirli bilməyərək əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Gəncə şəhər prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış zamanı üzərindən əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibində gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi “0.195” qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra onun barəsində İXM-nin 206, 211.1-ci və 535.1-ci maddələri ilə inzibati protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən həmin hissədə iş üzrə icrata xitam verilməlidir. Buna baxmayaraq toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 211.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddələr ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 160 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. İşin hallarından göründüyü kimi Şəxs tibbi qoruyucu vasitə hesab edilən tibbi maskadan istifadə etməmiş və onun əməlində İXM-nin 211.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs 14.02.2021-ci il tarixdə saat 00:05 radələrində Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış zamanı üzərindən əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibində gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi “0.195” qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şəxs izahatında marixuanadan özü istifadə etdiyini, heç vaxt onun satışı ilə məşğul olmadığını bildirmişdir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 211.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 206--cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sansksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh verilməsi qənaətinə gələrkən onun ilk dəfə inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, gənc olmasını məhkəmə nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə icra sənədi üzrə müştərək qaydada digər borcluların da olmasını nəzərə alaraq cərimə növündə tənbeh tətbiq edilməsini daha ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Qeyd edilən Məcəllənin 25.8-ci maddəsinə görə isə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Qeyd nedilən Məcəllənin 150.4-cü maddəsinə əsasən inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir. Adı çəkilən Məcəllənin 150.5-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən isə bu Məcəllənin 150.2ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22.1.2, 23.1, 25, 32, 40, 43, 48-52, 57-61, 114, 115,117, 128-130,150-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 211.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs AR İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə nəzərdə tutulmuş 300 manat məbləğində inzibati tənbeh verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar