Məhkəmə qərarları › İş №3(044)-485/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-485/2022

03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-485/2022 03.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X4 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumata əsasən 01.06.2022-ci il tarixdə Şəxs üzərinə baxış keçirilən zaman üzərindən 0.061 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Şəxs isə saxlanılaraq Gəncə şəhəri Baş Polis İdarəsinə aparılmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi polis kapitanı X3 izahat verərək bildirdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumata əsasən 01.06.2022-ci il tarixdə Şəxs üzərinə baxış keçirilən zaman üzərindən 0.061 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Şəxs isə saxlanılaraq Gəncə şəhəri Baş Polis İdarəsinə aparılmışdır. Araşdırma zamanı aşkar edilmiş təmiz çəkisi 0,061 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq olmaması müəyyən edilmişdir. Ona görə də, iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, metamfetamindən əvvəllər də istifadə etmişdir. Ona görə də həmin metamfetamini özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən 01.06.2022-ci il tarixdə onun üzərinə baxış keçirilən zaman üzərindən 0.061 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdur. Bundan sonra o, polis işçiləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişlər. Hazırda etmiş olduğu əməldən peşmandır və barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 02 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-in 206-cı maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ərazi aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilmişdir. Qeyd edilən qərardan müəyyən olunur ki, Şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd polietilen kəsiyinə bükülmüş təmiz çəkisi -0,061 qram maddə material üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Gəncə şəhər BPİ-nin “Maddi sübutların saxlanması” otağına təhvil verilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli 16/637 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Şəxs üzərindən aşkar edilmiş 0.21 qram kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,061 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş İ siyahısının İİ bəndindən görünür ki, «Metamfetamin” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metafemtamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyənləşdirilmişdir. Göründüyü kimi Şəxs üzərindən 01.06.2022-ci il tarixdə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 0,061 qram çəkidə psixotrop maddə metamfetamin olmuş, lakin metamfetaminin çəkisi cinayət məsuliyyəti yaratmadığına görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 02 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs üzərinə 01.06.2022-ci il tarixdə baxış keçirilən zaman 0,061 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Nəticədə Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs üzərində narkotik maddə saxlaması və daşıması, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsetmənin əvvəli onun tutulduğu 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması” otağında saxlanılmış, Şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,061 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilmiş və qərarın icrası Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 həvalə edilmişdir. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan iş üzrə məhkəməyə hesabat təqdim edərək həmin iş üzrə 2 (iki) saat, yəni iş materialları ilə tanış olmasına, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəsini təşkil etməsinə, məhkəmə iclasında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəsinə hazırlaşmağa vaxt sərf etməsini qeyd edərək ona hər iş saatı üçün 6 manat olmaqla, cəmi 12 (on iki) manat pul ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 31 saylı qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hesabat əsaslı olduğu üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsini həyata keçirdiyi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 2 (iki) saat üçün 12 (on iki) manat ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 iyun 2022-ci il saat 18:00-dan hesablansın. Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması” otağında saxlanılmış, Şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalan təmiz çəkisi 0,061 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası inzibati həbslə bağlı hissədə Gəncə şəhər Baş Polis İdarəsinə, maddi sübutun məhv edilməsi hissədə isə Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 12 (on iki) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar