Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-489/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qıznın katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xətaya dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : Gəncə şəhər prokuroru Azad Qarayevin 26 may 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 232-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında qərar və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin 54.5 və 100-cü maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, səlahiyyətli orqanın (vəzifəli şəxsin) hazırlıq mərhələsində həll etməli olduğu məsələlərin dairəsini müəyyən edir. Həmin maddəyə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Qeyd edilən Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uyğun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İşin hallarından göründüyü kimi iş üzrə şahid və zərərçəkmiş şəxslərin olmasına baxmayaraq şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı qərarda öz əksini tapmamışdır ki, bu da həm barəsində iş üzrə inzibati icraat aparılan şəxsin, həm də zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpasının əlçatımlığı baxımından zərərçəkmiş şəxsin məhkəmə baxışında iştirakının təmin edilməsi ilə bağlı çətinlik yaradacaqdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlandığından və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilməli olduğundan zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirakını məhkəmə vaxib hesab edə bilər. Materiallar Gəncə şəhər prokrorluğunda öyrənilməsinə baxmayaraq qərarda göstərilməsə də belə qərara materiallardan zəruri məlumatların əlavə edilməsi.(ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri və.s)prosessual qənaət prinsipi baxımından işlərə məhkəmədə vaxtında baxılmasına və bununla da şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaq, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq, inzibati xəta törətmiş şəxsi aşkar etmək və onu inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etmək və inzibati xətaların qarşısını almaq kimi inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə xidmət etmiş olacaqdır. Yuxarıda qeyd edilənləri əsas götürərək inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın geri qaytarılmasını qanuna müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar geri qaytarılsın. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-489/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-489/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver