Məhkəmə qərarları › İş №3(044)-49/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-49/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-49/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X2, Tələbkar Hüseynova (Mikayılova) Pakizə Ramiz qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(044)- 1865/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 04.03.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07.05.2021-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin iddiaçı Hüseynova (Mikayılova) Pakizə Ramiz qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunu ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclu Şəxs icra sənədi üzrə 1200 manat aliment borcu vardır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X4 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(044)-1865/2021 saylı icra sənədinin icrası ona tapşırılmışdır. İcra sənədi üzrə qanuna müvafiq olaraq icraat başlanılmış, icra hərəkətləri həyata keçirilmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu Şəxs tələbkar X1 xeyrinə 1200 (min iki yüz) manat aliment borcu yaranmışdır. Borclu Şəxs sonuncu izahatında yaranmış aliment borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcrasənədi üzrə zəruri icra tədbirləri görülmüşdür. Borclu Şəxs borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırır. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Hüseynova (Mikayılova) Pakizə Ramiz qızı bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(044)- 1865/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 04.03.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07.05.2021-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Hazırda borclunun ona 1200 manat borcu yaranmışdır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(044)-1865/2021 saylı icra sənədinə əsasən onun 1200 manat aliment borcunu Hüseynova (Mikayılova) Pakizə Ramiz qızı 180 manat kondisionerin pulunu ödədikdən sonra ödəyəcəkdir. Hazırda o, aliment ödəmək istəmir. Məhkəmədən istənilən inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil, borclu Şəxs barəsində məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(044)-1865/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs cavabdeh Şəxs 04.03.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 07.05.2021-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment iddiaçı Hüseynova (Mikayılova) Pakizə Ramiz qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 12 noyabr 2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmiş, borclunun izahatı alınmışdır. İş materiallarına əlavə edilmiş 11 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 11 yanvar 2022-ci il saat 16:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 11 yanvar 2022-ci il saat 16:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar