Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-498/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib edilmiş 01 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə yuxarıda sadalanan qanunun tələblərini rəhbər tutaraq qeyd edir ki, 01 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatları öz əksini tapmamış və ya protokola inzibati xəta haqqında iş üzrə icraatı aparmış, yəni inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən alınmış izahat əlavə edilməmişdir. Bundan başqa, həmin inzibati xəta haqqında protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə uyğun olaraq təqdim edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş zərər çəkmiş şəxsin yaşadığı yerin ünvanı göstərilməmiş və ümumiyyətlə zərərçəkmiş şəxs X1 barəsində hər hansı məlumatlar öz əksini tapmamışdır. Bundan başqa, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən həll edilməli məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanmasının müəyyən edilməsidir. Hazırki inzibati xəta haqqında material araşdırılarkən müəyyən edilmişdir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən sənədlər (məsələn, protokola əsasən zərər çəkmişdə müəyyən edilmiş xəsarətə dair ekspertiza rəyi) əlavə edilməmişdir. İnzibati xətalar haqqında işlərə baxılarkən həll edilən məsələlərdən biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında göstərilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Polis Bölməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş 01 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Polis Bölməsinə geri qaytarılsın. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-498/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-498/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver