Məhkəmə qərarları › İş №3(044)-50/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-50/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-50/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhəri Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri Nizami RPBnin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 24.09.2021-ci il tarixdə saat 22:00 radələrində vətəndaş Şəxs Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən “Əminə” marketin qarşısındakı "xxxx" ASC-yə məxsus bankomatı qırmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, o, ikinci Qarabağ müharibəsində iştirak etmiş və 16.10.2020-ci il tarixdə Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Hal-hazırda İİ qrup əlildir, ona əlilliyi ilə əlaqədar olaraq dövlət tərəfindən 480 manat məbləğində təqaüd verilir. O, 24.09.2021-ci il tarixdə saat 22 radələrində təqaüdünü almaq üçün Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində M.Paşayev küçəsində yerləşən “Əminə” marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomata getmişdir ki, orada təqaüdünü alsın. O, təqaüd kartını bankomata daxil edib, təqaüdünü almaq istəmiş, lakin ala bilməmiş və kartı bloklanıb bankomatda qalmışdır. Həmin vaxtı bankın qaynar xətti ilə əlaqə saxlamış ki, ona kartını bankomatdan çıxarmaqda köməklik göstərilsin, lakin qaynar xəttə olan şəxs ona kartı bankomatdan yalnız sabah çıxarda biləcəyini bildirmişdir. Buna görə də o, əsəbləşib qəsdən əlində olan çəliklə və yerdən daş alıb həmin bankomatın şüşəsini vurub sındırmışdır. Sonda o, qazi olduğunu, təqaüdlə dolandığını və ruhi xəstə olduğunu, əməlindən peşman olduğunu nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan: - 11 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanmaşdırma aparılması haqqında qərardan görünür ki, 24.09.2021-ci il tarixdən saat 21:55 radələrində Şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Əminə” marketin qarşısındakı "xxxx" ASC-yə məxsus ATM-nin 580.088 manat dəyərində şaterini, 68 manat dəyərində qoruyucu şüşəsini və 849 manat dəyərində Kozerokunu (çətirini) qəsdən sındırmaqla ümumilikdə həmin bankomata 1497.088 manat həcmində maddi ziyan vurmuşdur. Hazırda Azərbaycan Respublikası CM-nin 186-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət zərərçəkmiş şəxsə 5000 manatdan yuxarı maddi ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur, belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanması 11 okyabr 2021-ci il tarixli qərarla rədd edilmiş, lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icaat başlanılmış və inzibati araşdırma aparılması qərara alınmışdır. - İnzibati xəta haqqında 12 yanvar 2021-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, 24.09.2021-ci il tarixdə saat 22:00 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən “Əminə” marketin qarşısındakı ABB-na məxsus bankomatı qırmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, Şəxs İİ dərəcəli əlildir, əlilliyin səbəbi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar-TSEK-in diaqnozu üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin travması (16.10.2020) nəticəsində əmələ gələn şəxsiyyət və davranış pozuntuları, şəxsiyyətin dəyişkənliyi ilə, partlayış travması (16.10.2020-ci il) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin dağınıq ocaqlı nevroloji nişanalər və vegetativ damar distoniyası ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sisteminin funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 11.10.2021-ci il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol 12.01.2022-ci il tarixdə tərtib olunmuş və 12.01.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmiş, hazırda isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən 3 ay keçmişdir. Halbuki qanunvericiliyə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbuldiyi gündən 3 ay keçəndən sonra inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində 12 yanvar 2022-ci il tarixli MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar