Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-51/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ DYPŞ-nin polis baş mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 02 yanvar 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 02.01.2022-ci il tarixdə, saat 01:20-də VAZ 2106 markalı, 20EH809 dövlət qeydiyyat nişanlı avtomobillə işiqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, aşkar sürətdə və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının keçirilməsinə görə halına yol vermiş və nəticədə Azərbaycan Respublikası İXM-in 327.2-ci və 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə ŞBPİ DYPŞ-nin polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 02.01.2022-ci il tarixdə saat 01:20-də radələrindən başlayaraq Gəncə şəhərinin inzibati ərazisində VAZ 2106 markalı, 20EH809 dövlət qeydiyyat nişanlı avtomaşınla avtoxuliqanlıq hərəkətləri edərək, hazırda dövlət qeydiyyat nişanı məlum olmayan Niva markalı avtomobillə yarış keçirərək real təhlükə yaratmaları Gəncə ŞBPİ-nin Təhlükəsiz şəhər kameraları vasitəsi ilə müəyyən edilmiş, Şəxs şöbəyə dəvət edilmiş, sonuncu əməlini etiraf etmiş və barəsində İXM-in 511.1.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, VAZ 2106 markalı 20EH809 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 02.01.2022-ci il il tarixdə saat 01:20-də radələrində həmin avtomobillə o, Gəncə şəhəri Nəriman Nərimanov küçəsiylə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində işıqforun qırmızı işiğında dayanmış, işıqforun yaşıl işığı yandıqda sol tərəfində eyni istiqamətdə hərəkətdə olan, tanımadığı VAZ 2121 markalı qara rəngli avtomobillə sürət yarışına başlamış, N.Nərimanov küçəsiylə düzünə Gülüstan qəsəbəsi istiqamətində sürət yarışını davam etdirib, Məmmədbağır bəy Şeyxzamanov küçəsinin kəsişməsini, Nəsimi küçəsinin kəsişməsini, Ağaneymətulla küçəsinin kəsişməsini, Çingiz İldırım küçəsinin kəsişməsini və Qəmərli küçəsinin kəsişməsinin sürət yarışlarını davam etdirmişlər, İstiqlal parkının qarşısında olan işıqforun qadağanedici qırmızı işığında hər ikisi yol ayrıcına daxil olub, hərəkətlərini yüksək sürətlə davam etdirib dayanmışlar. Hazırda o, etdiyi hərəkətlərdən peşmandır və bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Sonda himayəsində 3 azyaşlı uşağı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərdən görünür ki, Şəxs idarə etdiyi VAZ 2106 markalı, 20EH809 dövlət qeydiyyat nişanlı avtomobillə, digər VAZ 2121 markalı dövlət qeydiyyat nişanı görünməyən avtomobillə yarışaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməklə qərəzli hərəkətlər etməsi və beləliklə İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və video görüntülər ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi əməli etiraf etməsini, himayəsində üç azyaşlı uşağı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 12.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-51/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-51/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver