Məhkəmə qərarları › İş №3(044)-510/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-510/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-510/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin 17 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət onunla əsaslandırılmışdır ki, X5 Xidməti Gəncə regional ərazi şöbəsi tərəfindən, işçi X1 ödənişli əsas məzuniyyətinin düzgün verilməməsi, məzuniyyət haqqının düzgün hesablanıb ödənilməməsi əsas götürülərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114.3 b bəndinin və 140.3-cü maddəsinin tələblərinin pozulması müəyyən edilməklə 03 may 2021-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında haqqında şikayət etdiyi MN ******* saylı, 17 may 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərar çıxarılmışdır. Hesab edir ki, çıxarılmış Qərar əsassızdır və Qanunvericiliyin tələblərinə tam əməl edilmədən, əsaslı araşdırma aparılmadan çıxarılmışdır. Belə ki, müfəttişlik tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114.3 cü maddəsinin b bəndinə istinad edərkən elə həmin maddədə qeyd olunmuş “vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir” əlavəsi nəzərə alınmamışdır. Qərar vermiş orqan hüquqpozmanın aradan qaldırılması üçün heç bir müddət müəyyən etməmiş və hətta işçi Səbuhi Mustafayevə anlaşılmazlığın aradan qaldırılması ilə bağlı araşdırma aparmaq və pozuntu baş verməsi müəyyən olunduğu halda hüquqpozmanın aradan qaldırılmasını təmin etməklə yaranmış mübahisəni həll etmək təklifi verilməsi belə nəzərə alınmamış və həmin Qərar şıxarılmışdır. Məlum olduğu kimi İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsində də qeyd edilir ki, şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Göründüyü kimi, səlahiyyətli orqan həmin imkanın verilməsini, hüquqpozmanın olduğu halda aradan qaldırılmasını təmin etmək üçün müddət belə müəyyən etməmişdir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir və bu səbəbdən də Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsinin haqqında şikayət verdiyi 17 may 2021ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərk işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətə şikayət vemriş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, qərarından şikayət verilmiş inzibati orqanın məhkəməyə təqdim etdiyi sənədləri araşdıraraq belə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəcə regional ərazi şöbəsinin baş əmək müfəttişi X7 tərəfindən tərtib edilmiş 03 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, BOKT “xxxx”MMC- nin idarə heyətinin sədri X6 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114.3b) bəndinin tələbi pozularaq Səbuhi Mustafayevə ödənişli əsas məzuniyyət düzgün verilməmişdir. Əmək Məcəlləsinin 140.3-cü bəndinin tələbi pozularaq Səbuhi Mustafayevin məzuniyyət haqqı düzgün hesablanıb ödənilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 ilə BOKT “xxxx”MMC arasında bağlanmış müddətli əmək müqaviləsinə cəmiyyətin 05 aprel 2021-ci il tarixli 97 nömrəli əmri ilə 06 aprel 2021-ci ildən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b”bəndinə əsasən xitam verilmiş, son haqq-hesab işə götürən tərəfindən 05 aprel 2021-ci ildə verilmişdir. X2 30 təqvim günü ödənişli əsas məzuniyyət verilməli olduğu halda 21 təqvim günü ödənişli əsas məzuniyyət verilmişdir.Eyni zamanda işə-götürən tərəfindən son haqq-hesab ödənilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140.3-cü maddəsinin tələbi pozularaq məzuniyyət müddətinin təqvim günləri 30 təqvim günü ilə verilməli olduğu halda 21 təqvim günü ilə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114.3-cü maddəsinə əsasən aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə. Göründüyü kimi Səbuni Mustafayevin hüquqşünas kimi gördüyü işin xüsusiyyətləri nəzərə alınmadan işə götürən tərəfindən ona 21 gün müddətində məzuniyyət verilmiş, son haqq-hesab verilərkən də 21 gün məzuniyyətə uyğun olaraq son-haqq hesab verilmişdir. Şikayət vermiş şəxs işin bu hallarını mübahisələndirmir.Şikayətin dəlillərindən də göründüyü kimi şikayət vermiş şəxs tərəfindən Əmək Məcəlləsinin qeyd edilən tələblərinin pozulması etiraf edilmişdir. Şikayətçinin şikayəti ondan ibarətdir ki, onun tərəfindən Səbuhi Mustafayevə münasibətdə Əmək Məcəlləsinin tələbləri pozulsa da həmin pozuntular sonradan aradan qaldırılmışdır. Həmin anlaşılmazlığın aradan qaldırılması ilə bağlı hər hansı araşdırılma aparılmamış, hüquq pozmanın aradan qaldırılması üçün ona müddət verilməmişdir. Məhkəmə şikayətçinin dəlillərini əsassız hesab edir. Əvvəla inzibati araşdırmanın gedişində hüquqpozmanın aradan qaldırılması həmin xətaya görə məsuliyyəti istisna etmir. Hüquq pozmanın aradan qaldırılması üçün müddət verilməsi ilə bağlı dəlillərə gəldikdə isə məhkəmə onu qeyd edir ki, göründüyü kimi şikayət vermiş şəxsə İXM-nin 192.5-ci maddəsi ilə inzibati tənbeh kimi 1500 manat məbləğində cərimə tətbiq edilmişdir. İXM-nin 116.1-ci maddəsinə görə isə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 25.7-ci maddəsinə əsasən isə bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Göründüyü kimi İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş vəzifəli şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və hüquq pozmanın aradan qaldırlması üçün müddətin müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Beləliklə məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin 17 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130,134-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin 17 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar