Məhkəmə qərarları › İş №3(044)-513/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-513/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-513/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci Polis Şöbəsində İTB-in sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Nizami RPİ-nin sahə rəisi, polis leytenantı X3 bildirmişdir ki, xx.xx.2022-ci ildə vətəndaş Şəxs idarə etdiyi “Chevrolet Cruz” markalı avtomobillə polisin qanuni tələbinə tabe olmayaraq xuliqanlıq hərəkətləri etmişdir. Bununla əlaqədar Şəxs polis əməkdaşı tərəfindən RPİ-ə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, “Chevrolet Cruz” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur, ancaq sürücülük vəsiqəsi yoxdur. X1 İİ qarabağ müharibəsi qazisidir. Elnur ona demişdir ki, o həmin avtomobili nömrəsiz və şüşələrini qaraldaraq sürsün və ona heç bir hüquq mühafizə orqanı əməkdaşı heç nə edə bilməz. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində həmin avtomobilin üzərində qeydiyyatsız alman nömrəsi ilə avtomobilin ön şüşəsi 15 faizlik tutqun, yan və arxa şüşələri 100 faizlik tutqun olmaqla Gəncə şəhəri Н. Əliyev prospekti ilə Gəncə Mall ticarət və istirahət mərkəzi istiqamətdə getmişdir. Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Gəncə Hotel qarşısına çatanda işıqforun qırmızı işığında dayanmış, bu zaman Gəncə şəhər BPİnin DYPŞ-nıin Yol Patrul Xidməti əməkdaşı Şahid onun idarə etdiyi həmin avtomobilin qarşı tərəfinə gəlmiş və ona demişdir ki, avtombildən düşsün. O, avtomobilin şüşəsini aşağı endirərək avtomobildə ailəsi olduğunu bildirmiş, Vüsal adlı polis əməkdaşı isə onun sözünə məhəl qoymayaraq avtomobili saxlayıb yerə düşməyini istəmişdir. Həmin vaxt orada videoçəklliş aparılmışdır. O, Vüsalın onu saxlama işarəsinə məhəl qoymayaraq avtomobili onun üzərinə sürmüş, Vüsal yenə geriyə çəkilməmiş, o isə avtomobili saxlamayaraq oradan getmişdir. Sonda o, əməlindən peşman olduğunu nəzərə alıb onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektoru Şahid Mülayim oğlu protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 2009-cu ildən DİO-da və tutduğu vəzifədə xidmət edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Gəncə Şəhəri, Н. Əliyev prospektində yerləşən Gəncə Hotel qarşısında kobud qayda pozuntusu edən sürücülərin müəyyən edilməsi məqsədi ilə təşkil olunmuş reyd zamanı Gəncə şəhəri, H. Əliyev prospekti ilə hərəkətdə olan Chevrolet Cruz markalı avtomobilin saxta dövlət qeydiyyat nişanı olmasını görmüş, həmin avtomobilin ön, arxa və yan şüşələri 100 faizlik tündləşdirilmiş vəziyyətdə idi. O, həmin avtomobilə saxla işarəsi vermişdir. Həmin avtomobili idarə edən şəxs onlarla mübahisə edib avtomobili saxlamayaraq onun ayaqlarının diz nahiyəsindən vurmuş, avtomobili idarə edərək oradan uzaqlaşmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli M№1369001 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci ildə vətəndaş Şəxs idarə etdiyi Chevrolet Cruz markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etmişdir və polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 08 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsi ilə rədd edimişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar