Məhkəmə qərarları › İş №3(044)-514/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-514/2021

08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-514/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Gəncə şəhəri Nizami Rayon Polis Bölməsinin polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 35A-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 35a-da yaşayan X4 23.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zənglə və Nizami RPİ-nə ərizə ilə müraciət edərək 23.04.2021-ci il tarixdə saat 19 radələrində qonşusu Yusif adlı şəxsin bıçaqla onun ünvanına gələrək əri Elşənlə münaqişə etdiyini və həmin münaqişə zamanı Yusifin əlindəki bıçağın onun sağ əlinin barmaqlarına xəsarət yetirdiyini bildirmişdir. Qeyd edilən əməlinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis Bölməsinin polis leytenantı X2 göstərmişdir ki, Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 35a-da yaşayan X4 23.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zənglə və Nizami RPİ-nə ərizə ilə müraciət edərək 23.04.2021-ci il tarixdə saat 19 radələrində qonşusu Yusif adlı şəxsin bıçaqla onun ünvanına gələrək əri Elşənlə münaqişə etdiyini bildirmişdir. Şəxs evə gələn zaman Yusifi küçədə görmüş, yoldaşı Esmiranı niyə təhqir etdiyini soruşmuşdur, səs-küy salaraq Yusiflə mübahisə etməyə başlamışdır. Sonra ətrafdakı qonşular onları ayırmışlar. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, Gəncə şəhəri, Dədə Yediyar küçəsi, ev 35a-da ailəsi ilə birlikdə yaşayır. X5 onun qonşusudur. 21.04.2021-ci il tarixdə Yusif onu işıqları düzəltməyi üçün çağırmış, o isə həmin vaxt ağrıdığı üçün işıqları düzəldə bilməyəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, 22.04.2021-ci il tarixdə X5 yoldaşı Esmiranı küçədə nalayiq söyüşlərlə təhqir etmişdir. 23.04.2021-ci il tarixdə 19:30 radələrində evə gələn zaman Yusifi küçədə görmüş, yoldaşı Esmiranı niyə təhqir etdiyini soruşduğu zaman Yusif onu da nalayiq sözlərlə təhqir etmişdir. O, idarə etdiyi avtomobili kənara çəkib maşından düşən zaman Yusif əlində bıçaqla üstünə gəlmişdir. O, qonşuların içində səs-küy salaraq Yusiflə mübahisə etməyə başlamışdır. Sonra ətrafdakı qonşular onları ayırmışlar. Etdiyi əməlindən səmimi peşman olduğunu və məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 08 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs həqiqətən də öz hərəkətləri ilə ictimai qaydanı pozmuş və nəticədə cəmiyyətə hörmətsizlik edərək xırda xuliqanlıq etmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, işə əlavə olunmuş materiallarla tam sübuta yetirilmişdir. Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası daxilində törədilmiş inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və Şəxs şəxsiyyətinə uyğun, ədalətli olaraq inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar