Məhkəmə qərarları › İş №3(044)-530/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-530/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-530/2020 08.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Vətən-N Mühafizə Xidmətinin Şəmkir rayon Şöbəsinin rəisi vəzifəsində işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 3, mənzil 44-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair xx.xx.2020-ci il tarixli, MN №0693861 saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 22.30 radələrində Gəncə şəhəri, Nizami küçəsində komendant rejimi qaydalarını pozmuş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində dostu ilə restoranda oturub spirtli içki qəbul etmişlər. Daha sonra o, 22:30 radələrində hava almaq üçün Nizami küçəsində gəzərkən Nizami küçəsində komendant saatı ilə əlaqədar yaradılmış postda polis əməkdaşları ondan icazəsinin olub-olmamasını soruşmuşlar və şəxsiyyət vəsqəsini istəmişdirlər. Lakin o, içkili olduğu üçün öz sənədlərini təqdim etməkdən imtina edərək polis əməkdaşlarına tabesizlik göstərmişdir. Daha sonra polis əməkdaşları onu Nizami RPİ-nə dəvət etmişlər. O, polis idarəsində də polis əməkdaşları ilə mübahisə edərək, onların qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyərək, onun izahatını məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla qarşılıqlı şəkildə araşdıraraq belə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs həmin maddələrlə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsinə əsasən müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilərək, komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş; xüsusi giriş-çıxış rejimi tətbiq edilərək, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülməsi, hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilməsi və bu Fərmanın təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli fərmanı təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli, 358 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilmişdir. Həmin Qərarda bu Qərarla təsdiq edilən sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilməsi, bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları və bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, axşam saat 22:30 radələrində xüsusi icazə olmadan küçədə olmuş, bununla da xüsusi hüquqi rejim olan komendat rejiminin tələblərinə riayət etməmişdir. Bundan başqa, o, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamıdır. Onun qeyd edilən inzibati xətaları törətməsi özünün etirafedici izahatı və inzibati xəta haqqında işin materiallrı ilə tam təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən hərbi vəziyyət Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Həmin Qanunun 1.0.4-ci maddəsinə əsasən isə komendant saatı hərbi vəziyyət dövründə ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda olmanın (hərəkət etmənin) qadağan edildiyi günün müəyyən edilmiş vaxtıdır. Göründüyü kimi, komendat saatının vaxtı məhdud olmaqla, ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə tətbiq edilir ki, həmin rejimə riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan edilmiş Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq kimi niyyətlərə xələl gətirə biləcək hal kimi səciyyələndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 22:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar