Məhkəmə qərarları › İş №3(044)-538/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-538/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-538/2022 17.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Yəmən Respublikası, Taiz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 11 iyun 2022-ci il tarixdə saat 14:40 radələrində Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, bina 20-nin qarşısında "xxxx" ASC-nin lotereya oyun biletlərinin satışı ilə məşğul olan X1 piştaxtasının üzərində olan X2 məxsus 600 manat dəyərində lotoreyanı gizli yolla oğurlamışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən 17 iyun 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs 11 iyun 2022-ci il tarixdə saat 14:40 radələrində Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, bina 20-nin qarşısında "xxxx" ASC-nin lotereya oyun biletlərinin satışı ilə məşğul olan X1 piştaxtasının üzərində olan X2 məxsus 600 manat dəyərində lotoreyanı gizli yolla oğurlamışdır. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 11 iyun 2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Ş.Bahəddin küçəsində olan zaman X1 lotereya biletləri satdığı piştaxtaya yaxınlaşaraq 1 manatlıq 1 ədəd lotereya bileti almış və orada biletin üzərini pozaraq uduş olub-olmadığını yoxlamışdır. Bu zaman X1 başının qarışdığını, piştaxtanın altına əyilib nəsə götürdüyünü görmüş və piştaxtanın üzərində olan 5 manatlıq biletlərin bir qalığını gizli şəkildə götürərək əynindəki cins şalvarın arxa cibinə qoymuş və oradan sakit şəkildə uzaqlaşmışdır. O, tutduğu əməldən peşmandır. Ona görə də məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, o, Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, bina 20-nin qarşısında "xxxx" ASC-nin lotereya oyun biletlərinin satışı ilə məşğul olur. 11 iyun 2022-ci il tarixdə saat 14:40 radələrində müştəri qismində tanıdığı X7 adlı şəxs piştaxtanın qarşısında dayanaraq ondan 1 manatlıq lotereya bileti almış, biletin üzərini silməyə başlamışdır. Bu zaman o, piştaxtanın alt hissəsinə su balonunun ağzını bağlamaq üçün əyilmiş, başını qaldıran zaman Ömranın artıq getdiyini və piştaxtanın üzərində biletlərin xeyli hissəsinin yerində olmadığını görmüşdür. Sonradan lotereya biletlərini yoxlayan zaman piştaxtanın üzərindən ümumilikdə 600 manat dəyərində lotereyanın Ömran tərəfindən oğurlandığını aşkar etmişdir. Onlar lotereyanın pulunun qaytarılması barədə razılığa gəlmişlər və Şəxs barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 17 iyun 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, bina 20-nin qarşısında "xxxx" ASC-nin lotereya oyun biletlərinin satışı ilə məşğul olan X1 piştaxtasının üzərində olan X2 məxsus 600 manat dəyərində lotoreyanı gizli yolla oğurlamışdır. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında materialı və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xırda talama, yəni oğurlama yolu ilə özgənin əmlakını talama inzibati xətasını törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olması yüngülləşdirən hal kimi nəzər alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda gostərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar