Məhkəmə qərarları › İş №3(044)-544/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-544/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-544/2021 07.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Gəncə şəhəri, Təbriz küçəsi, ev 258-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri, Təbriz küçəsi, ev 260-da yaşayan X2 03.05.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, 03.05.2021-ci il tarixdə saat 16 radələrində qonşusu Şəxs daş parçası ilə onun evinin dam örtüyünə zərər yetirdiyini bildirmişdir. Həmin material üzrə Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsində araşdırma aparılmış, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gəncə şəhər 33 saylı orta məktəbdə müəllimə işləyir. X2 onun qonşusudur. Nərgizlə onun arasında dəfələrlə mübahisə yaranmış və bu barədə Polis idarəsində də dəfələrlə araşdırma aparılmışdır. 03.05.2021-ci il tarixdə yenə də X2 ilə aralarında mübahisə yaranan zaman o, daş parçası ilə Nərgiz Atakişiyevanın evinin dam örtüyünə zərər yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir, evdar qadındır. Şəxs onun qonşusudur. Sevinclə onun arasında dəfələrlə mübahisə yaranmış və bu barədə Polis idarəsində də dəfələrlə araşdırma aparılmışdır. 03.05.2021-ci il tarixdə yenə də Şəxs qızı ilə aralarında mübahisə yaranan zaman Şəxs daş parçası ilə onun evinin dam örtüyünə zərər yetirmişdir. Hadisə nəticəsində ona 20 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Şəxs 03.05.2021-ci il tarixdə saat 16 radələrində X1 evinin dam örtüyünə zərər yetirməklə, əmlakını zədələyərək ona 20 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair protokol düzgün tərtib edilmişdir, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə 20 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş, şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli inzibati tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar