Məhkəmə qərarları › İş №3(044)-550/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-550/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-550/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Prokurorluğunun 18 iyun 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış material əsasında müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması tam təsdiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən orada göstərilən maddələrdə nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində müəyyən edilmiş və iş üzrə əhəmiyyət kəsb edən bir sıra məlumatlar göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 18 iyun 2021-ci il tarixli qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməmiş, ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməli olduğu qeyd edilsə də, hazırki materialda izahatı alınmış şahidlərin yaşadığı yerin ünvanı göstərilməmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən həll edilməli məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanmasının müəyyən edilməsidir. Hazırki inzibati xəta haqqında material araşdırılarkən müəyyən edilmişdir ki, iş materiallarına 18 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan başqa hər hansı sənədlər əlavə edilməmiş, həmçinin həmin qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsinə dair hansı sübutların olduğu göstərilməmiş və iş materiallarına da hər hansı sübut əlavə edilməmişdir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) həll etməli olduğu məsələlərin dairəsini müəyyən edir. Həmin maddəyə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İnzibati xətalar haqqında işlərə baxılarkən həll edilən məsələlərdən biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsinin yoxlanılmasıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 mart 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında prokurorun qərarına inzibati xəta haqqında protokola qoyulan tələblər və həmin protokolun tərtib edilməsi müddətləri şamil edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda göstərilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan Gəncə şəhər Prokurorluğunun Şəxs barəsində 18 iyun 2021-ci il il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gəncə şəhər Prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 18 iyun 2021-ci il il tarixli qərarı geri qaytarılsın. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar