Məhkəmə qərarları › İş №3(044)-555/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-555/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-555/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin İTB-in sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, ev 234-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhərində “Mərkəzi Univermağ”ın yanında polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhərində “Mərkəzi Univermağ”ın qarşısında olarkən təsadüfən yerdən partlayıcı pirotexniki vasitə tapmışdır. Həmin pirotexniki vasitənin yararlı olub-olmadığını yoxlamaq üçün “Mərkəzi Univermağ”ın qarşısında əhalinin mütəmadi olduğu yerdə həmin pirotexniki vasitədən istifadə edərək həmin yerə atmışdır. Bundan sonra onun yanına polis əməkdaşları yaxınlaşaraq ondan nə səbəbə pirotexniki vasitədən istifadə etdiyini soruşmuşlar və onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Polis əməkdaşları onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət edərkən o, narazılıq etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Gəncə şəhər Baş Polis İdarəsinin XTB-nin polis nəfəri X3 göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhərində “Mərkəzi Univermağ”ın qarşısında X4 və X2 ilə birlikdə xidmətdə olarkən tanımadıqları bir nəfər şəxs insanların mütəmadi gedib-gəldiyi yolda partlayıcı pirotexniki vasitəni ataraq, insanlar üçün narahatçılıq yaratmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Adını sonradan bildiyi Şəxs nə səbəbə pirotexniki vasitədən istifadə etməsini soruşduqda, həmin vaxt Şəxs ucadan öz narazılığını bildirməklə ətrafdan keçən insanların diqqətini özünə cəlb etmişdir. Onlar Şəxs sakitləşməsini dəfələrlə xahiş etsələr də, sonuncu onların qanuni tələblərinə tabe olmayaraq, ucadan səs-küy salaraq onların ictimai qaydanın mühafizəsi vəzifələrini icra etməkdə maneçilik törətmişdir. Daha sonra Şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Lakin Şəxs yenə də onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, Polis idarəsinə getməkdən imtina etmişdir. Onlar Şəxs barəsində raport tərtib etmişlər və onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Gəncə şəhər Baş Polis İdarəsinin XTB-nin manqa komandiri X4 göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhərində “Mərkəzi Univermağ”ın qarşısında X3 və X2 ilə birlikdə xidmətdə olarkən tanımadıqları bir nəfər şəxsin insanların mütəmadi gedib-gəldiyi yolda partlayıcı pirotexniki vasitəni atmasını və ətrafdakı insanlarda narahatçılıq yaratmasını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Adını sonradan bildiyi Şəxs nə səbəbə pirotexniki vasitədən istifadə etməsini soruşduqda, həmin vaxt Şəxs ucadan öz narazılığını bildirməklə ətrafdan keçən insanların diqqətini özünə cəlb etmişdir. Onlar Şəxs sakitləşməsini dəfələrlə xahiş etmişlər. Lakin sonuncu onların qanuni tələblərinə tabe olmamış və ucadan səs-küy salaraq onların ictimai qaydanın mühafizəsi vəzifələrini icra etməkdə maneçilik törətmişdir. Onlar Şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Şəxs yenə də onların qanuni tələblərinə qəsdən tabe olmamış və Polis idarəsinə getməkdən imtina etmişdir. Bundan sonra onlar Şəxs barəsində raport tərtib etmişlər və onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə təhvil vermişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin, izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs törətdiyi əməli ilə əlaqədar olaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü müdafiə xarakterli izahatını, yəni polis işçisinin qanuni tələblərinə tabe olmasını, polis əməkdaşları onu Polis İdarəsinə dəvət edərkən imtina etmədiyini, polis işçisinin qanuni tələbləri ilə bağlı heç bir tabesizlik hərəkətləri göstərmədiyini bildirməsini onun törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətdən və inzibati tənbehdən azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəxs barəsində inzibati xəta haqqında işin ilkin araşdırması zamanı verdiyi izahatından da görünür ki, Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmadığını etiraf etdiyini bildirmişdir. Beləliklə də, qeyd edilən xüsusatlar, yəni Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətasını törətmədiyinə dair izahatında göstərdikləri məhkəmə araşdırması nəticəsində tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunur. Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər sübutlarla bağlı hər hansı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o, hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 48, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar