Məhkəmə qərarları › İş №3(044)-567/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-567/2022

27.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-567/2022 27.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ-nin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin sahə rəisi polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 21:05-də radələrində Şəxs qayda pozuntusu ilə bağlı DYPŞ-nın həyətində saxlanılan VAZ 21214 markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili DYPŞ-nın həyətindən heç kimə məlumat vermədən çıxarmışdır. Gəncə şəhər BPİ 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X6 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21:05 radələrində Şəxs qayda pozuntusu ilə bağlı DYPŞ-nın həyətində saxlanılan VAZ 21214 markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili DYPŞ-nın həyətindən heç kimə məlumat vermədən, yol polisi əməkdaşının həyatı üçün təhlükə yaradaraq, polisin saxla işarəsinə məhəl qoymadan çıxarmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 23 iyun 2022-ci il tarixdə saat 19 radələrində ona məxsus Niva markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman DYPŞ-in polis əməkdaşı onu saxlayaraq avtomobilin yaylarının sayının standarta uyğun olmadığı üçün avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişdir. O, polislərə avtomobilin yaylarının sayının eyni olduğunu, sadəcə avtomobil köhnə olduğu üçün arxa tərəfinin aşağı olduğunu, evində xəstə anasına dərman çatdırmalı olduğunu bidlirsə də, ona məhəl qoymayaraq avtomobili duracağa aparmış, yarım saat sonra avtomobili götürə biləcəyini demişlər. Lakin yarım saat sonra o, polis mayoru Elnur Quliyevə zəng edəndə Elnur müəllim onun zənglərinə cavab verməmişdir. Belə olan halda, o, heç kimə məlumat vermədən avtomobildəki dərmanları anasına çatdırmaq üçün avtomobilinə yaxınlaşıb onu idarə edərək qəfildən DYPŞ-in həyətindən çıxmışdır. Lakin həmin vaxt o, polis əməkdaşlarının üstünə avtomobil sürməmişdir. Sonda o, əməlindən peşman olduğunu, xəstə anasına dərman çatdırmalı olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin DYPŞ-nin İTÜB inspektoru polis mayoru X4 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:05 radələrində xidməti zərurətlə bağlı duracaqda olan avtomobillərə baxış keçirmək üçün cərimə meydançasına tərəf gedən zaman cərimə meydançasında olan VAZ 21214 markalı **-DO- *** dövlət qeydiyyat nişanlı avtomobil iri sürətlə qəfildən çıxaraq üzərinə avtomobili sürüb onun üçün həyatı təhlükə yaradaraq hərəkətini davam edərkən Gəncə şəhər BPİ-nin PPXT-nin DYPŞ-nə ezam olunmuş polis serjantı X1 işarəsinə tabe olmayaraq DYPŞ-nin inzibati ərazisini yüksək sürətlə tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin PPXT-dan DYPŞ-na ezam olunmuş polis serjantı X5 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:05 radələrində DYPŞ-in inzibati binasında giriş qapı ilə cərimə meydançasının qapısına tərəf hərəkətdə olan zaman cərimə meydançasının içərisindən Niva markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil iti sürətdə qəfildən çıxaraq DYPŞ-nin İYİ-nin polis mayoru Arif Uğurluyevin üstünə avtomobilini sürmüş, o, əli ilə saxla işarəsi vermiş, lakin avtomobilin sürücüsü Şəxs onun işarəsinə məhəl qoymayaraq avtomobili sürərərək polisin qanuni tələbinə əməl etməyərək avtomobili sürüb qaçmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 18:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol Şəxs ictimai qaydanı pozan hərəkətlər etdiyi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün tərtib edilsə də, həmin vaxt Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı şahidlərin və özünün ifadəsi ilə təsdiq olunmuş, lakin sonuncunun ictimai qaydanı pozan hərəkətlər etməsi hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir. Şəxs həqiqətən də ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli Şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar