Məhkəmə qərarları › İş №3(044)-568/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-568/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-568/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 26 iyun 2022-ci il tarixdə X1 işlədiyi Gəncə şəhəri, Nizami küçəsində yerləşən köşkdən ümumi dəyəri 105 manat olan 60 metr elektrik naqilini oğurlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs 26 iyun 2022-ci il tarixdə X1 işlədiyi Gəncə şəhəri, Nizami küçəsində yerləşən köşkdən ümumi dəyəri 105 manat olan 60 metr elektrik naqilini oğurlamışdır. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, iki ay olar ki oğurluq etdiyinə görə həbsdən azad olunmuşdur. Maddi vəziyyəti ilə əlaqədar olaraq oğurluq etmişdir. 26 iyun 2022-ci il tarixdə gecə təxminən 02 radələrində Gəncə şəhəri Nizami küçəsi ilə gedən zaman həmin küçədə yerləşən “Xəmsə Park” ticarət mərkəzinin yaxınlığında yerləşən köşkün bağlı olduğunu görmüş və həmin köşkdən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt köşkün arxa tərəfində elektrik naqilini görmüş və elektrik naqilini cibində olan kəlbətin ilə kəsərək götürmüşdür. Sonrakı gün elektrik naqilini Gəncə şəhəri Əttarlar küçəsindən motosiklet ilə metal alan tanımadığı şəxsə 24 manata satmış, həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs barəsində tərtib edilmiş 28 iyun 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda talama etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 iyun 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 28 iyun 2022-ci il tarixdən, saat 18:25-dən hesablansın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar