Məhkəmə qərarları › İş №3(044)-575/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-575/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-575/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN Gəncə şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş 12 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN Gəncə şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs X2 məxsus yaşayış evinin pəncərəsini sındırmaqla zərərçəkmişə 400(dörd yüz) manat dəyərində ziyan vurması faktı aşkar edilmişdir. Bu barədə Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən 12 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 05.04.2021-ci il tarixdə gecə saatlarında anası Leyla ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, yeni hospitalın yaxınlığında Sevdanın yaşadığı evin qarşısına getmişlər. O, anasının orada X6 ilə mübahisə etdiyini və daş parçası ataraq X1 evinin pəncərəsini qırdığını görmüş, lakin hadisə baş verən zaman həmin ünvana getdikləri taksidən düşməmiş sadəcə olaraq anasını həmin yerdən uşaqlaşdırmağa çalışmışdır. Onun tərəfindən X1 özünə və ya hər hansı bir əşyasına ziyan dəyməmişdir. Uzun müddətdir ki, barəsində şikayət vermiş şəxs X6 ilə anası X9 aralarında münaqişə davam edir. Bu səbəbdən də X6 ona şər böhtan atır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, Şəxs 12 ildir qeyri rəsmi olaraq ər arvad kimi yaşadığı X4 qızıdır. 05.04.2021-ci il tarixdə gecə saatlarında anası X12 ilə birlikdə yaşadığı evin qarşısına gələrək onu təhqir etmişlər və daş ataraq pəncərəsini sındırmışlar. Lakin gecə saatları olduğundan daşın konkret olaraq Şəxs tərəfindən atıldığını görməmişdir. Məhkəmə iclasında Gəncə şəhər Nizami rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, taksi sürücüsüdür. 05.04.2021-ci il tarixdə gecə saatlarında Şəxs və X10 həmin ünvana aparmış və maşını saxlayaraq Şəxs ilə birlikdə X10 gözləmişlər. Gözlədikləri müddət ərzində X12 ilə X6 arasında münaqişə baş verdiyini və X9 daş parçası ataraq X1 evinin pəncərəsini qırdığını görmüşdür. Lakin Şəxs X1 evinə heç bir daş parçası atmamışdır. O, onunla bərabər maşında əyləşmiş və X10 gözləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, həmin vaxtı orada olmuşdur və Şəxs X1 evinə heç bir daş parçası atmamışdır. Lakin anası X9 daş parçası ataraq X1 evinin pəncərəsini qırdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o, həmin vaxtı orada olmuşdur və Şəxs X1 evinə heç bir daş parçası atmamışdır. Həmin evin pəncərəsinə daş parçası ataraq sındıran o özü olmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs X1 yaşadığı evinin pəncərəsini sındırmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Nizami RPİ-nin İTB-nə göndərilməsi, hadisəni törətmiş, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ev 16-da yaşayan Şəxs və X12 ilə qabaqlayıcı profilaktiki tədbirlər aparılması üçün qərarın surətinin Kəpəz RPİ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Gəncə şəhər Nizami rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş 12 may 2021-ci il tarixli, MN ******* saylı protokolunun surətindən görünür ki, Şəxs X2 məxsus yaşayış evinin pəncərəsini sındırmaqla zərərçəkmişə 400(dörd yüz) manat dəyərində ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati məsuliyyət nəzərdə tutulur. Yəni qanun normasında özgənin əmlakını qəsdən məhv etməsi və ya zədələməsi nəticəsində yaranacaq məsuliyyətdən bəhs edilir. Bu maddənin «Qeyd» hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Qanun normasının mənasından görünür ki, şəxsin əməlində İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementləri kimi şəxsin hərəkətinin özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə yönəlməsi, bu nəticənin baş verməsi və özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsində ifadə olunan nəticə ilə şəxsin əməli arasında səbəbli əlaqənin olması və subyektiv tərəfinin elementi kimi özünün əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin bu hərəkətləri qəsdən törətməsi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs X1 əmlakını qəsdən məhv etməsinin və ya zədələməsinin törədilməsində təqsiri sübut olunmadığından İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün onun barəsində İXM-in 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati protokol tərtib olunan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X6 ilə onların arasında uzun müddətdir ki ailə-məişət zəminində münaqişələri olub, ona görə də hesab edir ki, bu ona qarşı atılan şər böhtandır. O, heç bir daş parçası atmamışdır. Şəxs bu izahatını məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X7, X12 da təsdiq etmişdir. Hətta zərərçəkmiş şəxs X6 da öz izahatında daşın konkret olaraq Şəxs tərəfindən atıldığını görmədiyini bildirmişdir.Halbuki qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törədənin təqsirli olması üçün sübutlar konkret olmalıdır və fərziyyələrə əsaslana bilməz. Digər tərəfdən İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir İXM-in 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 əməlində İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 105, 115, 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar