Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-579/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sərdliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin baş müfəttişi X5 tərəfindən tərtib edilmiş protokola məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin baş müfəttişi X5 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə şəhəri, S.Xasayev küçəsində yerləşən “ALİBABA” çay evinin sahibkarı Şəxs 16.06.2021-ci il tarixdə, saat 11:20 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə ADRA X7 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN № ******* saylı, 16.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati protokol Şəxs iştirakı ilə tərtib edilmiş, lakin sonuncu imza etməkdən imtina etmiş və bu barədə əməkdaşlar tərəfindən akt tərtib edilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, 2021-ci ilin may ayında reklam idarəsinin əməkdaşları ona telefonla zəng edərək işlətdiyi çay evində olan reklamla bağlı icazə almalı olduğunu bildirmişlər. O, həmin şəxslərə pandemiya ilə əlaqədar işlərin zəif olduğunu, yeni işə bağladıqlarını və tezliklə müqavilə bağlayaraq hər ay hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. Bundan sonra o, reklam idarəsinin əməkdaşları ilə görüşməmiş, inzibati protokol onun yanında tərtib olunmamış, o, protokolu imza etməkdən imtina etməmişdir. Onun həmin protokolun tərtib edilməsindən məhkəmədən bildiriş gəldikdən sonra məlumatı olmuşdur. Məhkəmədə inzibati işə baxılarkən inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, inzibati protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan tərtib edilmiş, onun hüquq və vəzifələri izah edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. - 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. - 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X2 inzibati protokolun Şəxs iştirakı ilə tərtib edildiyini və sonuncunun imza etməkdən imtina etdiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Şəxs imza etməkdən imtina etməsi barədə reklam idarəsinin əməkdaşları tərəfindən akt tərtib olunsa da, həmin akt yalnız həmin idarənin əməkdaşları tərəfindən imzalanmış, işdə marağı olmayan üçüncü şəxslər tərəfindən imzalanmamışdır. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinə geri qaytarılsın. Sərdlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-579/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-579/2021
16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver