Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-58/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə Regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 07 yanvar 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə dair “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X1 şikayətinə baxaraq, məhkəmə müəyyən etdi: “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə Regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 07 yanvar 2022-ci il tarixli MN ******* qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə regional ərazi şöbəsinin (bundan sonra DƏMX) baş əmək müfəttişi X5 tərəfindən 27.12.2021-ci il tarixdə barəsində inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında 07.01.2022-ci il tarixdə DƏMX-nin Gəncə regional ərazi şöbəsinin rəisi X2 tərəfindən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 192.4-cü maddəsinə əsasən (inzibati tənbeh vermə haqqında qərarda cərimənin məbləği 1000 (bir min) manat, lakin asanpay.az ödəniş sistemində isə cərimənin məbləği 700 (yeddi yüz) manat məbləğində) inzibati cərimə olunmuşdur. Qərar prosessual qaydaların pozulması ilə qəbul edilib. İXM-in 101.1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İXM-in 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. DƏMX 20.12.2021-ci il tarixli məktubunda qeyd edir ki, “daxil olmuş məlumatlara baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir”. Bu o, deməkdir ki, artıq həmin vaxt inzibati xəta faktı DƏMX tərəfindən müəyyən edilib. Həmin məktubla da o, 27.12.2021-ci il tarixdə işin araşdırılması üçün DƏMX-ə dəvət olunmuşdur. Bu özü artıq prosessual qaydanın pozulmasıdır. Belə ki, inzibati protokol ən geci 22.12.2021-ci il tarixdə tərtib edilməli idi. Bundan əlavə tərtib edilmiş 27.12.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokolda İXM-nin 100-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərkən göstərilməsi məcburi olan məlumatlardan, həmin Məcəllənin 100.1.4-cü maddəsində nəzərdə tutulmuş “inzibati xətanın törədildiyi yer” dəqiq olaraq göstərilməmiş sadəcə protokolun “müəyyən edildi” hissəsində “Gəncə şəhəri” qeyd edilməklə üzərindən keçilmişdir. Həmçinin sözügedən protokolda “xətanın” törədilməsi vaxtı kimi “27.12.2021-ci il tarixədək” müddət göstərilmişdir. Lakin DƏMX-nə göndərilmiş sənədlərdə (akt və məlumatlar) Mustafa-zadə Günay Qadir qızının 06.11.2021-ci il tarixdən “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞnin Z.Məmmədov adına xəstəxananın vərəm şöbəsində (Gəncə şəh, Seyidli küç, 46) işə çıxmaması nəzərlərinə çatdırılmışdır. DƏMX-nə ünvanlanmış 06.01.2022-ci il tarixli 09-08 nömrəli məktubda da G.Q.Mustafa-zadəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-çü il 09 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”-nin 2.2.1.1-ci bəndinin tələbinə əsasən oktyabr ayı üzrə 6 iş günü üçün 10,38 (on manat otuz səkkiz qəpik) manat, noyabr ayı üzrə 5 iş günü üçün 9,19 (doqquz manat on doqquz qəpik) manat ümumilikdə 19,37 (on doqquz manat otuz yeddi qəpiK) tarif (vəzifə) maaşına əlavə haqq hesablanmması və tarif (vəzifə) maaşına hesablanmış əlavə haqq G.Q.Mustafa-zadənin 2021-ci ilin noyabr ayı üçün əmək haqqı hesablanarkən riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar nəticəsində işçiyə artıq ödənilmiş və geri tutulması üçün verilmiş 399.00 manat məbləğdən azaldılaraq 379.63 manat məbləğə endirilməsi barədə məlumat verilmişdir. Yəni G.Q.Mustafa-zadəyə vərəm şöbəsində işlədiyi 11 (on bir) gün üçün əmək haqqına əlavə hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154cü maddəsində əmək haqqına “müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur” məzmununda anlayış verilmişdir. Buna baxmayaraq DƏMX-nin tərtib olunmuş protokolda “xətanın” törədilməsi vaxtı kimi “27.12.2021-ci il tarixədək” müddəti göstərməsi və G.Q.Mustafazadənin əmək funksiyasını yerinə yetirmədiyi, iş görmədiyi müddət üçün əmək haqqına əlavə haqq hesablanıb ödənilməməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edərək qərar qəbul etməsi əsassız, qanunazidd və absurddur. İXM-nin 192.4-cü maddəsinin dispozisiyasına əsasən inzibati xəta, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsindən ibarətdir. İXM-də inzibati xətaya “bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur” məzmununda anlayış verilmiş və həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin inzibati xəta hesab edilməsi üçün onda inzibati xətanın tərkib elementlərinin kompleks şəkildə olması mütləqdir. Bu elementlərdən birinin olmaması həmin əmələ görə inzibati məsuliyyəti də istisna edir. Xətanın tərkib elementlərinə onun obyekti, obyektiv tərəfi, subyektiv tərəfi və subyekti daxildir. İnzibati xətanın “obyekti” dedikdə, müxtəlif hüquq normaları ilə nizamlanan və yalnız inzibati hüquq normaları ilə mühafizə edilən ictimai münasibətlər nəzərdə tutulur. Lakin DƏMX-nin iddia etdiyi inzibati xəta əməlində hər hansı əmək hüquqlarını tənzimləyən normalar pozulmamış, yaxud ictimai münasibətlərə zərər vurulmamışdır. İşçiyə sözügedən əmək haqqına əlavə işlədiyi dövr üçün hesablanıb ödənilmişdir. İnzibati xətanın “subyektiv tərəfi” dedikdə isə şəxsin törətdiyi hüquqazidd əmələ və onun zərərli nəticələrinə daxili psixi münasibətidir ki, bu da özünü qəsd və ya ehtiyatsızlıq kimi büruzə verməlidir. Yuxarıda da qeyd edildiyi kimi G.Q.Musfata-zadənin əmək haqqına əlavə işlədiyi dövr üçün hesablanıb ödənilmişdir. Yəni, hər hansı inzibati xətadan söz gedə bilməyəcəyi üçün hüquqazidd əmələ və onun zərərli nəticələrinə daxili psixi münasibətdən də söz gedə bilməz. Buradan da əməldə inzibati xətanın tərkib əlamətlərinin olmadığı görünür. Cərimənin məbləği inzibati tənbeh vermə haqqında qərarda 1000 (min) manat, “asanpay.az” ödəniş sistemində, həmçinin mobil telefona gəlmiş sms bildirişdə başqa məbləğ, yəni 700 (yeddi yüz) manat göstərilmişdir. Məbləğlər arasında olan qeyd etdiyi əhəmiyyətli ziddiyyət də qərarın əsassızlığını bir daha təsdiq edir. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X3 məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, işlərinin çoxluğu ilə əlaqdar olaraq şikayətə baxılmasında iştirak edə bilməyəcəkdir, odur ki, şikayətə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin olumasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri baradə məlumat verilməsinə baxmayarq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi X5 tərəfindən 27.12.2021-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokolun surətindən görünür ki, 27.12.2021-ci il tarixədək Azərbaycan Respublikası ƏM-nin 159.1-ci maddəsinin tələbi pozularaq G.Q.Mustafazadənin əmək haqqı verilərkən tarif (vəzifə) maaşına əlavə haqq hesablanıb ödənilməmişdir. Məhkəmə iclasında elan edilmiş, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X1 barəsində tərtib edilmiş 07.01.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 159.1-ci maddəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2. Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə şikayətçinin təqsiri təsdiq olunur. Beləliklə də, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X1 barəsində tərtib edilmiş 07.01.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə Regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 07.01.2022-ci il tarixli MN ******* qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə Regional ərazi şöbəsi tərəfindən “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 07.01.2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə Regional ərazi şöbəsi “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 07.01.2022-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən:Gündüz Şirinov