Məhkəmə qərarları › İş №3(044)-591/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-591/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-591/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, ev 176, mənzil 5-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Ağdaş rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(014)-680/2019 saylı icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq borclu Şəxs 27.03.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Şəxs Ağdaş rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(014)-680/2019 saylı icra sənədi üzrə cəmi 930 manat aliment borcu yaranmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Ağdaş rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(014)-680/2019 saylı icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq borclu Şəxs 27.03.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə Şəxs heç bir ödəniş etməmiş və onun cəmi 930 manat aliment borcu yaranmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Ağdaş rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(014)-680/2019 saylı icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq ondan 27.03.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Onun halhazırda 930 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunu imkanı olmadığından ödəyə bilməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Ağdaş rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(014)-680/2019 saylı icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq borclu Şəxs 27.03.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmışdır və hal-hazıradək heç bir ödəniş etməmişdir. Məhkəmədən Şəxs ağır inzibati tənbeh növü təyin edilməsini xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını icra işinin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Ağdaş rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(014)-680/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, alimentin miqdarı artırılaraq borclu Şəxs 27.03.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin 20.05.2019-cu il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.05.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin 06.08.2020-ci il tarixli məktubundan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 77736/2019-21-46 saylı Elektron məlumat portalından görünür ki, Şəxs adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası üçün borcludan 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, eyni zamanda Şəxs borcunu ödəməmiş, icra icraatı zamanı verdiyi izahatında məhkəmə qətnaməsi olmasına baxmayaraq, aliment borcunu ödəməməsinin səbəbi kimi maddi imkanının olmamasını göstərmişdir. Ona xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də borcunu ödəməmişdir. İcra icraatı zamanı borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirsə də, işin faktiki halları, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında işin materialları ilə Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığı və qərəzli olduğu təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, Şəxs inzibati tənbeh növü təyin edərkən inzibati tənbehin məqsədini, onun prinsiplərini, ödənilməmiş aliment məbləğinin həcmini, Şəxs hal-hazırda zərəri ödəməyə təşəbbüs göstərməməsini, barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməklə yanaşı, məhkəmə aktına qərəzli və etinasız münasibətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs seçilməli və həbsdə saxlama müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən saat 12:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən saat 12:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar