Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-595/2021 09.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə xx.xx.1987-ci ildə Gədəbəy rayonunun Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonunun Qurudərə kəndində qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 06.07.2021-ci il tarixdə Gəncə şəhəri, Şəmkir şossesi 1 ünvanında yerləşən "xxxx" MMC-dən 70 manat dəyərində olan bir ədəd latun materialdan ibarət balvankanı oğurlayaraq talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş 09 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, Gəncə şəhəri, Şəmkir şossesi 1 ünvanında yerləşən "xxxx" MMC-də metal əridən işləyir. O, MMC-də bütün əşyalara cavabdehlik daşıyır. O, 06.07.2021-ci il tarixdə "xxxx" MMCdə əritmə sobasında latun materialında olan məhsulları əridib balvanka hazırlamışdır. Bu zaman o, metal əritmə sobasının yaxınlığında hazır balvankanı kənara qoyub gizlətmişdir ki, işdən çıxdıqdan sonra həmin bir ədəd balvankanı satıb pul əldə etsin. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh növünün təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Şəxs Gəncə şəhəri, Şəmkir şossesi 1 ünvanında yerləşən "xxxx" MMC-də metal əridən işləyir. Şəxs MMC-də bütün əşyalara cavabdehlik daşıyır. Şəxs 06.07.2021ci il tarixdə "xxxx" MMC-də əritmə sobasında latun materialında olan məhsulları əridib balvanka hazırlamışdır. Bu zaman o, metal əritmə sobasının yaxınlığında hazır balvankanı kənara qoyub gizlətmişdir ki, işdən çıxdıqdan sonra həmin bir ədəd balvankanı satıb pul əldə etsin. Şəxs şikayətçidir və onun barəsində həbs növündə inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 09 iyul 2021-ci il tarixli, HK-1/1384 saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs həbsdə saxlama müddətinin əvvəli 09 iyul 2021-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 iyul 2021-ci il tarixdən saat 18:00-dan hesablansın. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-595/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-595/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver