Məhkəmə qərarları › İş №3(044)-60/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-60/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-60/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil və Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəmkir Telekommunikasiya İdarəsində TKQ sahə rəisi vəzifəsində işləyən, Gəncə şəhəri, Bakıxanov küçəsi, ev 7də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05 yanvar 2022-ci il tarixdə saat 19:00-da Gəncə şəhəri, Heydər Əliyev parkının qarşısında satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə hesab edilən marixuananı şəxsi istehlak miqdarı həddində və təmiz çəkisi 0,11 qram çəkidə olan hissəsini idarə etdiyi “Hyundai Santafe” markalı **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda saxlamaqla Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində inzibati protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, 05 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində Şəxs məxsus “Hyundai Santafe” markalı **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 0,11 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 05 yanvar 2022-ci il tarixdə saat təxminən 19 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şəmkir rayonundan Gəncə şəhəri, Nizami prospekti, H.Əliyev parkının qarşısına gəlmiş və bir qədər keçəndən sonra polis əməkdaşları mülki geyimdə yaxınlaşmış, özlərini təqdim etmiş, onu avtomobillə birlikdə Gəncə şəhəri Nizami rayon Polis Bölməsinə gətirmişlər, polis bölməsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və avtomobilin salonundan qol altıda ağ rəngli kağızın içərisində saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, elektron tərəzidə çəkilmiş, kağızla birlikdə ümumi çəkisi 0,7 qram gəlmiş, həmin kütlə qablaşdırılaraq, möhürlənmişdir. Həmin kütlənin ona məxsus olduğunu, bir neçə ay əvvəl xatırlamadığı yerdən tapıb avtomobildə saxladığını, marixuananın və ya digər narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını, belə bir fikri olmadığını və etmiş olduğu əməldən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 17 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Qeyd edilən qərardan müəyyən olunur ki, Şəxs idarə etdiyi avtomodildən aşkar edilmiş kütlənin narkotik vasitə olub-olmamasını, əgər narkotik vasitədirsə növünü, dəqiq çəkisini, mənşəyini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin Gəncə Regional bölməsinə göndərilmiş, həmin bölmənin 06 yanvar 2022-ci il tarixli 16/14 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi avtomaşından götürülmüş, təmiz çəkisi 0,11 qram (ümumi çəkisi 0,11 qram təhqiqata sərf edildi 0,01 qram) olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısına dair” narkotik vasitələrin qurudulmuş marixuana növünə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5 qramdan artıq olduqda yaranır. Göründüyü kimi Şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 0,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, lakin onun miqdarı cinayət məsuliyyəti yaratmadığına görə Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 19 yanvar 2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Şəxs 05 yanvar 2022-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin İXM-nin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməklə səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarından müəyyən olunur ki, Şəxs idarə etdiyi “Hyundai Santafe” markalı **- GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilib götürülmüş, təmiz çəkisi 0,11 qram narkotik vasitə olan marixuana maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin “maddi sübutların saxlanması” otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Gəncə şəhər Baş Polis İdarəsinin “maddi sübutların saxlanması” otağına təhvil verilmiş, Şəxs idarə etdiyi “Hyundai Santafe” markalı **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunub götürülmüş, təmiz çəkisi 0,10 qram (ümumi çəkisi 0,11 qram təhqiqata sərf edildi 0,01 qram) narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 77, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin “maddi sübutların saxlanması” otağına təhvil verilmiş, Şəxs idarə etdiyi “Hyundai Santafe” markalı **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,10 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə və Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar