Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-614/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Zərərçəkmiş şəxs X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxxxxxxxxxxxxxxxx” ASC-də sürücü işləyən, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 37, mənzil 63-də qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti Gəncəvi qəsəbəsi, 22-ci küçə, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində sürücü Şəxs sürücülük hüququ və müvafiq sənədləri olmaqla, ayıq vəziyyətdə “xxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus idarə etdiyi “İsuzu Boqdan avtobus” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami rayonu, N.Gəncəvi prospekti ilə düzünə hərəkətdə olub, həmin prospektə “Şəmkir Avtovağzalı”-nın bərabərliyində sola dönmə manevri edən zaman onunla əks istiqamətdə “Yeni Gəncə” qəsəbəsi istiqamətində hərəkətdə olan sürücü X1 hüququ olmaqla, ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 270 minik” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sürücüsü X4 idarə etməni itirərək qarşısında öz yolu ilə düzünə, Yeni Gəncə qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan sürücü X2 hüququ olmaqla, ayıq vəziyyətdə, özünə məxsus idarə etdiyi “Kia Rio minik” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə “Kia Rio minik” markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 döş qəfəsinin arxa səthində V qabırğanın yerdəyişməyən sınığı, sağ bazu nahiyəsinin əzilmiş yarası qisimində YÜNGÜL dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişlər. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini qismən etiraf edərək izahatında bildirdi ki, o, “xxxxxxxxxxxxxxxxxx ASC”-də sürücü işləyir. Həmin ASC-yə məxsus “İsuzu Bogdan avtobus” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “11 nömrəli” marşrut xəttində sürücü işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə “Yeni Şəmkir avtovağzalı” istiqamətdə hərəkətdə olmuşdur. Yeni Şəmkir avtovağzalının qarşısında yol ayrıcında olan işıqforun yaşıl işığında yol ayrıcına daxil olmamışdan əvvəl yol ayrıcının sağ hissəsindən uzaq məsafədə bir avtomobili olduğunu görüb sola dönmə əməliyyatı edərək şəhər istiqamətində dayanmaq üçün yol-ayrıcına daxil olmuş və avtovağzalın bərabərliyində uzaq məsafədən gəldiyini gördüyü avtomobil onun idarə etdiyi avtobusun ön sağ uc hissəsinə dəymiş, sonra həmin “Mercedes Benz E270” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Kia-Rio” markalı avtomobilə çırpılmışdır. Toqquşmadan sonra idarə etdiyi “İsuzu Bogdan” markalı avtobusu yolun hərəkət istiqamətindən çıxarıb yolun sağ kənarında saxlamışdır. Belə güman edir ki, “Mercedes Benz E270” markalı avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etmişdir. Çünki həmin avtomobil onun idarə etdiyi sərnişin daşıma avtobusuna dəydikdən sonra “Kia Rio” markalı avtomobilə çırpıldıqdan sonra sonuncu avtomobilin arxa hissəsi möhkəm deformasiyaya uğramışdır. O, “Mercedes Benz E270” markalı avtomobillə toqquşmamaq üçün idarə etdiyi “İsuzu Bogdan avtobus” markalı nəqliyyat vasitəsini sola meyilləndirsə də hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı avtobusu təxminən 10-15 km/saat sürətlə idarə etmişdir. Hadisədən əvvəl spirtli işki qəbul etməmiş, ayıq vəziyyətdə olmuşdur. Himayəsində İ qrup əlil uşağı olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq Gəncə şəhəri ərazisində mərkəzi istiqamətdə hərəkətdə olmuşdur. Saat 09:00 radələrində Gəncə şəhəri N.Gəncəvi prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən “Yeni Şəmkir avtovağzalı”-nın bərabərliyindəki yol ayrıcını işıqforun yaşıl işığında keçərkən onunla əks hərəkətdə Gəncə şəhərin mərkəzi istiqamətindən gələn “İsuzu” markalı sərnişin daşıma avtobusu həmin yol ayrıcına daxil olmaq üçün hərəkətdə olmuşdur. Yol ayrıcını düzünə təxminən 20 metr keçdikdən sonra arxa tərəfdən toqquşma səsi eşitdiyindən avtomobilinin güzgüsündən arxaya baxmaq istədikdə ani bir vaxtda onun idarə etdiyi avtomobilə bir avtomobil çırpılmışdır. Avtomobili yolun hərəkət istiqamətində fırlanaraq yolun sağ kənarında dayanmışdır. Hadisənin təsirindən bir anda nə baş verdiyini başa düşməmiş və toqquşmanın təsirindən onun avtomobili deformasiyaya uğramış, yararsız hala düşmüşdür. Hadisə zamanı o, avtomobildə tək olmuşdur. Hadisə nəticəsində bədən xəsarətləri almış, avtomobilinə maddi ziyan dəymişdir. Həmin avtomobili xx xxxx 2020-ci il tarixdə 11000 manata almışdır. Ona dəymiş ziyan ödənməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınan X4 izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində çavuş vəzifəsində işləyir. “Mercedes- Benz E270 minik” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə almış və həmin avtomobili etibarnamə əsasında idarə edir. xx xxxxxxxx 2020-ci il tarixdə xidmətdən çıxaraq Gəncə şəhər mərkəzi istiqamətdə hərəkətdə olarkən Nizami Gəncəvi prospektində “Yeni Şəmkir avtovağzalı” bərabərliyinə çatarkən orada olan yol ayrıcısında yaşıl işığın yandığını görərək gəldiyi surətlə hərəkətini davam etdirmişdir. Bu zaman əks hərəkət yolundan gələn “İsuzu Bogdan” markalı **-AE-*** qeydiyyat nişanlı sərnişin daşıma avtobusun yol ayrıcına daxil olduğunu görmüş və surətini azaldaraq həmin avtobusa uzaq vuran işıqlardan və səs siqnallarından istifadə edərək xəbərdarlıq etsə də sürücünün əhəmiyyət vermədiyini görüb avtomobilini yolun 1-ci zolağından 3-cü zolağına çıxardaraq həmin avtobusla toqquşmaqdan yayınmaq istəmiş, lakin idarə etdiyi avtomobillə avtobusun ön sağ hissəsi arasında toqquşma baş vermişdir. İdarə etdiyi avtomobilin təhlükəsizlik yastıqları açıldığından o qarşısını görə bilməmiş, əylənci sıxsa da qarşısında olan “Kia Rio minik” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Avtomobilini təxminən 80 km/saat sürətlə idarə etmişdir. “İsuzu Bogdan” markalı **-AE-*** sərnişin daşıma avtobusunu yol ayrıcına daxil olmaq üçün dayandığını təxminən 150 metr məsafədən görmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin və şahidin izahatları və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1354 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin arxa səthində V qabırğanın yerdəyişməyən sınığı, sağ bazu nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 43, 48- 51, 61, 73, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-614/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-614/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver