Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-614/2021 19.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib edən şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Bakı Fəhləsi küçəsi, ev 12-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsində şübhəli olduğu üçün 18 iyul 2021-ci il tarixdə saat 02:30 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, uşaq xəstəxanasının yanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs üzərindən ümumi çəkisi 0.71 qram marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 18 iyul 2021-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, uşaq xəstəxanasının yaxınlığında yol ilə gedərkən yerdə “PALL MALL” siqaret qutusunun içərisində təxminən 5-6 siqaretin olduğunu görmüş və həmin siqareti çəkmək üçün götürmüşdür. Bundan sonra mülkü geyimdə 2 nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Orada üzərində şəxsi axtarış keçirilmiş və əgər üzərində qanunla qadağan olunmuş hərhansı əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etməsini demişlər. O da, üzərində olan 1 ədəd Pall mall siqaret qutusunun içərisində olan kütləni təqdim etmişdir. Həmin kütlə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 0.71 qram olmuşdur. O, həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu, onu yerdən tapdığını və həmin narkotik vasitədən heçkimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Hazırda etmiş olduğu əməldən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 ifadə verərək bildirdi ki, Şəxs üzərində 0.71 qram narkotik vasitə aşkar edilmişdir. İşin halları araşdırılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 19 iyul 2021-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 29 iyun 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs 18 iyul 2021-ci il tarixdə saat 02:30da şübhəli şəxs qismində saxlanılmış, barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 19 iyul 2021-ci il tarixdə Şəxs əməlində cinayət əməlinin tərkib əlamətləri olmadığı üçün onun şübhəli şəxs qismində statusuna xitam verilmiş, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin X3 18 iyul 2021-ci il tarixli, 16/724 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş “Vətəndaş Şəxs üzərində aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd 1 ədəd “PALL MALL” markalı siqaret qutusunda təmiz çəkisi 0.71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş 19 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19 iyul 2021-ci il tarixdə saat 09:50-də inzibati qaydada tutulmuşdur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na əsasən tramadol hidroxloridin külli miqdar daxil olmaqla aşağı hədləri 6 qram, habelə preqabalinin miqdarı 5 qram müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs üzərində aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın, həmçinin güclü təsir edən maddələr- tramadol və preqabalinin miqdarı onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, inzibati həbs növündə ədalətli inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə, maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0.71 qram marixuanaya oxşar kütlə qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 18 iyul 2021-ci il tarixdən saat 02:30-dan hesablansın. Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması” otağına təhvil verilmiş, Şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi 0.71 qram marixuanaya oxşar kütlə qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-614/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-614/2021
19.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver