Məhkəmə qərarları › İş №3(044)-63/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-63/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-63/2022 24.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və raportdan müəyyən olunur ki, Şəxs 22.01.2022-ci il tarixdə Gəncə şəhəri, Eminbəyli küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində ictimai yerdə ucadan səsküy salmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPB-nin polis sahə rəisi, polis mayoru X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 22.01.2022-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhər Nizami RPB-nin inzibati ərazisində Eminbəyli küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində Nizami RPB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı X5 ilə polis leytenantı Tural Musayev xidmət apararkən adı onlara sonradan məlum olan Şəxs ucadan səs-küy salaraq nalayiq söyüşlər söydüyünü eşitmişlər. Polis əməkdaşları Ruziar Abdullayevə yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etsələr də, sonuncu polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etdirmiş, buna görə də polis əməkdaşları həmin şəxsi Nizami RPB-nin növbətçi hissəsinə gətirib təhvil vermişlər. Bununla da Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 22.01.2022-ci il tarixdə o, Gəncə şəhər Eminbəyli küçəsində işlə bağlı narazılıq olduğu üçün mobil telefonla başqa şəxslə danışıb əsəbləşərək mübahisə etdikdən sonra öz-özünə ucadan söylənmiş, nalayiq ifadələr işlətmişdir. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb onu nizam-intizama dəvət etmiş, lakin o, əsəbi olduğu üçün polisin qanuni tələblərinə məhəl qoymamışdır. O, etdiyi əməldən çox peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Sonda o, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında aşahid qismində dindirilmiş Gəncə şəhər, Nizami RPİ-nin polis əməkdaşı X5 izahat verərək bildirmişdir ki, 22.01.2022-ci il tarixdə təxminən saat 18:00- 19:00 radələrində Nizami rayon polis bölməsinin ərazisində xidmət apararkən Abdullayev X1 ilə M.Müşfiq küçəsinin kəsişməsində nalayiq ifadələr işlətdiyinə görə sonuncunu nizam intizama dəvət etmişlər. Bu zaman Şəxs onların qanuni tələblərinə tabe olmamış, həmin vaxt onlar sonuncunu polis bölməsinə gətirib təhvil vermişlər. İş materiallarına əlavə edilmiş 22.01.2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Şəxs 22.01.2022-ci tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici və şahidin izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 22.01.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 22.01.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar