Məhkəmə qərarları › İş №3(044)-646/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-646/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-646/2021 12.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər ŞBPİ Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhəri Nizami rayon Polis idarəsində tərtib olunmuş material baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 12.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15.06.2021-ci il tarixdən 24.06.2021-ci il saat 23:24-dək olan müddət ərzində 055 936 71 99 saylı nömrədən AR DİN-nin 102 zəng xidmətinə zəng edərək xidmətin əməkdaşlarını nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs 15.06.2021-ci il tarixdən 24.06.2021-ci il saat 23:24-dək olan müddət ərzində 055 936 71 99 saylı nömrədən AR DİN-nin 102 zəng xidmətinə dəfələrlə zəng edərək xidmətin əməkdaşlarını nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o, 2021-ci ilin may ayında xüsusi karantin rejimini pozduğu üçün polis əməkdaşları tərəfindən Kəpəz RPİ-nə aparılmış, orada aparılan araşdıırma nəticəsində məlum olmuşdur ki, sonuncu aliment borcunu ödəmədiyi üçün Nizami RPİ-si tərəfindən axtarışdadır. Polis əməkdaşları onu Nizami RPİ-nə təhvil vermiş, onlar da aidiyyyatı üzrə sonuncunu icra idarəsinə təhvil vermişlər. Aliment borcunu ödəmədiyi üçün onun barəsində 10 gün həbs verilmişdir. Son günlərdə 200 manat cərimə olduğunu öyrənib, həmin məlumatı dəqiqləşdirmək üçün müxtəlif vaxtlarda 102 xidmətinə zəng etmiş, həmin vaxt içkili və əsəbi olduğu üçün, 102 xidmətinin operatorlarını nalayiq ifadələrlə söymüşdür. İfadəsinin sonunda Şəxs etdiyi əməldə özünü tam təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini, sərxoş olduğu üçün belə hərəkət etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazısından məlum olur ki, Şəxs 102 Xidmətinin qadın əməkdaşını və ümumən polisləri nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Çünki 23.03.2004-cü il tarixli, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Şəxs DİN 102 Xidmətinə zəng edərək xidmətin qadın əməkdaşını və polis əməkdaşlarını nalayiq söyüşlərlə söyməklə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış qaydasını, yəni ictimai qaydanı pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə inzibati xətnı sərxoş vəziyyətdə törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 12.08.2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 12.08.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar