Məhkəmə qərarları › İş №3(044)-649/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-649/2021

14.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-649/2021 14.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər ŞBPİ Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs 12.08.2021-ci il tarixdə Heydər Əliyev adına parkda ictimai yerdə, parkın işçilərinin yanında Zərərçəkmiş şəxs təhqir etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, onun Zərərçəkmiş şəxs ilə heç bir qəsdi-qərəzliyi olmamışdır. 12.08.2021-ci tarixdə o, içkili olduğu üçün Azada əsəbləşərək nalayiq ifadələr işlətmişdir. İfadəsinin sonunda Şəxs etdiyi əməldə özünü tam təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini və bir daha belə hallara yol verməyəcəyini, əsəbləşib belə hərəkət etdiyini, müharibə veteran olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasınd Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ilə əvəllər heç bir qəsdi-qərəzliyi olmamışdır. 12.08.2021-ci tarixdə sahə rəisi işlədiyi Heydər Əliyev adına parkda, müvəqqəti işləməyə gələn Şəxs münasibəti olduğu, onun tabeliyində işləyən süpürgəçi Şəlalə adlı qadını, o, işləmək üçün digər yerə göndərdiyinə görə onu nalayiq ifadələrlə bütün kollektivin yanında təhqir etmişdir. Sonda zərərçəkmiş şəxs Şəxs ondan üzr istədiyi və müharibə veteran olduğu üçün sonuncuya həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, 12.08.2021-ci il tarixdə, axşam tərəfi saat 19 radələrində, iş gününün sonunda parkda işləyən işçilər işlədikləri alətləri təhvil vermək üçün inzibati binaya doğru gəlmişlər. Həmin vaxt Şəxs inzibati binanın qarşısında, orada olan işçilərin yanında ucadan Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, dərhal Ehtirama yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış, lakin sonuncu nalayiq sözlərlə Azadı təhqir etməyə davam etmişdir. Bundan sonra əraziyə gələn polis əməkdaşları Ehtiramı polis idarəsinə aparmışlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, müharibə veteran olmasını, zərərçəkmiş şəxsdən üzr istəməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə sərxoş vəziyyətdə inzibati xəta törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 100 (yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar