Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-654/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin təsisçisi Yuliya Koganın və tərcüməçi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC barədə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs MMC-nin Almaniyadan ünvanına gəlmiş “WAUZZZ4F89NO26018” şassi nömrəli AudiA6, “WVWZZZ6XZ4BO29840” şassi nömrəli “VOLKSWAGEN LUPO” markalı nəqliyyat vasitələrini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron bəyannnamə verməli olduğu halda həmin bəyannaməni verməmiş və bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs qanuni nümayəndəsi Yuliya Kogan məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən inzibati qaydada araşdırılma aparılarkən onun hüquqları pozulmuş, o, inzibati orqana dəvət edilməmiş, tərtib olunmuş protokolla tanış olmamış, protokol onun ünvanına gəlməmiş və o, protokola imza atmamışdır. Şəxs qanuni nümayəndəsi Yuliya Kogan bildirdi ki, onun Almaniyadan ünvanına gəlmiş “WAUZZZ4F89NO26018” şassi nömrəli AudiA6, “WVWZZZ6XZ4BO29840” şassi nömrəli “VOLKSWAGEN LUPO” markalı nəqliyyat vasitələrini qanuna müvafiq yol ilə Azərbaycan Respublikası ərazisinə gətirmişdir. Odur ki, məhkəmədən materialların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxid kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Həmin normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Eyni zamanda qanunvericilik imkan verir ki, əgər hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi faktı aşkar edildikdə onun barəsində əlavə araşdırılması zərurəti yarandıqda inzibati xəta haqqında icraatın başlanması haqqında protokol dərhal deyil iki gün müddətində tərtib edilə bilər. İnzibati xəta haqqında protokoldan görünür ki, inzibati araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, işə nümayəndənin iştirakı olmadan baxılması qərara alınsa da bildirişlərin hüquqi şəxsə çatdırılmasını, göndərilməsini təsdiq edən sənədlər materiala əlavə edilməmişdir Azərbaycan Respublikası İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Normanın dispozitiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) vəzifəli şəxslər, 2) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmçinin Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilatisərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Lakin qanunvericiliyin tələbinə əsasən belə səlahiyyətlər yalnız hüquqi şəxsin vəzifəli şəxsinə aid olduqda törədilən əməl inzibati qaydada hüquqi nəticələr doğura bilər. Həmçinin qanunvericilik normasının məzmunundan göründüyü kimi, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməklə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq həmin hüquqi şəxsin rəhbəri və ya başqa işçisi tərəfindən törədilən inzibati xəta ilə bağlıdır. Bu halda xətaya görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiqi, həmin tədbirin tətbiqinə səbəb olmuş eyni xəta ilə bağlı fiziki şəxsin də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilmir. Qeyd edilməlidir ki, fiziki şəxsin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarını qorumaq üçün törətdiyi əməl o halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər ki, fiziki şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olsun. Beləliklə, fiziki şəxsin əməlində inzibati tərkibi olmadıqda, o cümlədən fiziki şəxs barəsində iş üzrə icraata bəraətverici əsaslara xitam verildikdə, fiziki şəxsin törətdiyi əmələ görə məsuliyyətə cəlbetmə müddətləri keçdikdə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə hər hansı hüquqi şəxsin məsuliyyətinin yaranması üçün onun müvafiq tələblərə cavab verən vəzifəli şəxsinin əməlində həmin xətanın tərkib əlamətləri olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak edə bilmədiyindən barəsində iş üzrə icraat aparılmış şəxsin irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi mümkün olmamış və inzibati araşdırma proseduru zamanı buraxılmış natamamlığı məhkəmə baxışı zamanı aradan qaldırmaq da mümkün olmamışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, işin baxılmasına mane olan hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 31.07.2021-ci il tarixli, 14000-0293/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol geri qaytarılmalı və hüquqi şəxsin qanuni nümayəndəsinə inzibati araşdırılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməklə inzibati araşdırılma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-654/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-654/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver