Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-655/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Xanlar rayonu, Danayer kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Xanlar rayonu, Danayer kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X17 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X17 Şöbəsindən məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və materiala əlavə edilmiş sənədlərdən görünür ki, 14.06.2021-ci il tarixdə saat 22 radələrində sürücü 10.10.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri, Nəvai küçəsi, 1-ci döngə, ev 5-də yaşayan X1 hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “Porshe panamera 4s” minik markalı, **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə- Şəmkir yolunda yerləşən Heydər Əliyev parkının qarşısında sürücü- xx.xx.1958-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Göygöl rayonu, Danayer kəndində yaşayan Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21074” minik markalı **-ZV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə yolun kənarında dayanmış piyada 2008-ci il təvəllüdlü X9 hər iki dizin sıyrılmış yarası, 2007-ci il təvəllüdlü X7 hər iki dizin sıyrığı, 1990-cı il təvəllüdlü X2 topuğun əzniyi və 1988-ci il təvəllüdlü X8 baldır nahiyəsinin əzniyi xəsarətləri alaraq Gəncə şəhər 3 saylı xəstəxanasına müraciət etmələrinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 29 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, “VAZ 21074” markalı **-ZV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur, sürücülük hüququ olduğundan həmin avtomobili özü idarə edir. 14 iyun 2021-ci il tarixdə o, Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərindən axşam saat təxminən 22 radələrində qayıdıb yaşadığı Göygöl ərazisində olan Danayer kəndinə gedən zaman Gəncə-Şəmkir yolunda olan H.Əliyev parkına dönmüş, nəvələri parkda olduğu üçün H.Əliyev parkından onları götürmək üçün gedən zaman o, H.Əliyev parkının qarşısında olan yolu sola dönüb parka doğru hərəkətə başlayanda bir “Porshe” markalı avtomobil sağ tərəfdən gəlib onun idarə etdiyi avtomobillə toqquşmuş, nəticədə o heç bir xəsarət almamış, digər avtomobilin sürücüsü heç bir xəsarət almasa da, idarə etdiyi avtomobil onun avtomobillə toqquşduqdan sonra yolun kənarında dayanmış şəxsləri vuraraq yenidən yolun kənarında olan səki daşına dəyərək dayanmışdır. O, xəsarət almış piyadalara yaxınlaşmış, köməklik göstərmiş, tibb avtomobili ilə xəstəxanaya yola salmışdır. İlk dəfə inzibati xəta törətdiyini, 2-ci qrup əlil olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İşin hallarından görünür ki, təhqiqat zamanı X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının 19.07.2021-ci il tarixli 1104 nömrəli rəyinə əsasən X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ topuğun sınığı və sıyrığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri 14.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İşin hallarından görünür ki, təhqiqat zamanı X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının 19.07.2021-ci il tarixli 1103 nömrəli rəyinə əsasən X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ diz nahiyəsinin əzilmiş yarası- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti 14.06.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-655/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-655/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver