Məhkəmə qərarları › İş №3(044)-658/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-658/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-658/2020 13.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə inzibati işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: X2 şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2020 -ci il tarixdə AsanPay proqram təminatı vasitəsi ilə mobil telefonuna EQ ******* saylı protokol üzrə 60 manat məbləğində inzibati cərimə tədbiq edilməsi barədə sms bildiriş gəlmişdir. Proqram təminatına yerləşdirilmiş foto və video materiallarla tanış olduqdan sonra məlum olmuşdur ki, inzibati xətanı törədən başqa şəxs, eyni ilə sedan tipli Kia Optima modeli olan avtomobil olmuş, lakin inzibati xəta ona yazılmışdır. Bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində ətraflı olaraq video materillarla tanış olmuş və bir daha inzibati xəta törətmiş avtomobil nəqliyyatı sürüçüsü başqa şəxsin olduğuna əmin olmuşdur. Törədilmiş inzibati xəta baş verən ərazi 20 saylı tam orta məktəbin qarşısı olmuş (lakin protokolda xətanın yeri “Maxi Marketin” qarşısı göstərilir) və avtonəqliyyat vasitəsinin sürücüsünün törətdiyi xəta anında onun avtomobilin dövlət qeydiyyat nömrəsi tələbi əsasında ona göstərilməsi mümkün olmamışdır, belə ki müşahidə kamerasının texniki imkanları buna yol verməmişdir və həmin avtomobilin hərəkətini növbəti müşahidə kamerasına qədər (Maxi Marketin qarşısında yerləşən) izləmək olmur. Bundan başqa inzibati xəta törədilən yerdən yəni 20 saylı məktəbin qarşısından “Maxi Marketin” qarşısına qədər 3(üç) döngə küçələr (G.Mehmandarov, F.Mirzə, M.Füzuli, xəritə əlavə onur) vardır ki inzibati xətanı törədən şəxs həmin istiqamətlərdə hərəkət və yaxud yol kənarında park edə bilər. Onun idarə etdiyi avtomobil nəqliyyat vəsitəsinin dövlət qeydiyyat nömrəsinin “Maxi Marketin” qarşısında yerləşən kamera vasitəsi ilə əks edilərək rəsmiləşdirilməsi qeydiyyat üzrə yaşadığı Füzili küçəsi ev 20A ünvanından çıxıb hərəkitimi qanuni yolla davam etdirdiyi halda baş vermişdir. X5 prospekti “Maxi Market”in qarşısında onun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini səhvən qanun pozuntusu törədən avtomobilin yerinə əks olunaraq rəsmiləşdirilmişdir. Odur ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli EQ ******* qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq barəsində iş üzrə inzibati icraat aparılan şəxs və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə məhkəmə iclasına çağrılmış, lakin gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahişetdi. Məhkəmə şikayəti, şikayətçinin məhkəmə iclasında verdiyi izahatı araşdıraraq və işdə olan digər sübutlarla birlikdə tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə X4 barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi X4 barəsində xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə qərar ona görə qəbul edilmişdir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci madəsində inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası təsbit edilmişdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd edilən Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətləri təşkil etmək, o cümlədən texniki vasitələrin və avtomatlaşdırılmış sistemlərin qurulmasını və istifadəsini, qəza-xilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək yol hərəkəti sahəsində dövlət vəzifələrindən biri kimi təsbit edilmişdir. Həmin Qanunun 42-ci maddəsinin Xİİ-ci hissəsində aşağıdakı hallarda geriyə dönmək qadağan edilmişdir: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə. Həmin Maddənin Xİİİ-XİV hissələrinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasgn. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1, 3 və 11-ci bəndlərində göstərilmişdir ki, 1.1 üfiqi nişanlanma xətti— əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.3—dörd və daha zox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 1.11—yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçn nəzərdə tutulmuş yerləri göstərir. Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 2)nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir; 3) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütün xətt tərəfdən kəsib keçməyə icazə verilir. «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1-001- 12 nömrəli qərarı ilə təsdiq olunmuş «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair» Təlimatın 2.10-cu bəndində göstərilmişdir ki, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X1 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doludur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur. İşin hallarından göründüyü kimi 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə X4 inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati xəta hərəkətdə olan nəqliyyat vasitəsi ilə törədildiyindən həmin hərəkətin foto vasitəsilə əks etdirilməsi qanunun tələbinə uyğun deyildir.Belə olduğu həmin xətanın əks etdirildiyi video materiallar inzibati xəta haqqında elektron qərara əlavə edilməlidir. Belə ki, İXM-nin 122.4-cü maddəsində imperativ olaraq göstərilmişdir ki, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Göründüyü kimi AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta hadisəsinin videoyazısının üç aydan az olmayan müddətdə saxlanılmalı olması təsbit edilməsinə baxmayaraq, elektron qərara ümimiyyətlə həmin videoyazı əlavə edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərarda əks edilmiş fotoşəkillərdən isə sürücünün geriyə dönmənin qadağan edildiyi yerdə geriyə hərəkət etməsini müəyyən etmək mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, şikayət vermiş şəxsə həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməklə inzibati araşdırılma aparılmalı, araşdırma müvafiq protokolda öz əksini tapmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün inzibati orqana göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə aparılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 barəsində Gəncə şəhər Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Gəncə şəhər Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar