Məhkəmə qərarları › İş №3(044)-660/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-660/2020

12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-660/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Nizami Rayon polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx xxxxxxx 2020-ci il, saat 00:35 radələrində Gəncə şəhəri üzrə elan edilmiş komendant rejiminin tələblərini pozmuşdur. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar aidiyyətı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati icraat zamanı aşağıdakı sənədlər inzibati araşdırmanın predmetini təşkil etmiş və həmin sənədlərin məzmununa istinad edilmişdir: İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs haqqında protokol Azərbaycan Respublikası İXMnin 517-2.1-ci maddəsi ilə komendant rejiminin tələblərinin pozulmasına görə tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin polis nəfəri polis serjantı Müzəffər İsayevin raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 01:40 radələrində Gəncə şəhəri, kovrovunun işiqforu adlanan yerdə Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və ondan komendant rejimi vaxtı ilə əlaqədar icazəsinin olub-olmaması aydınlaşdırılarkən o, hər hansı bir icazəsinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il, saat 00:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şəxs verdiyi izahatından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə işdən evə qayıdarkən həmin vaxtı polis əməkdaşları onu saxladaraq komendant rejimi qaydalarını pozduğu üçün o, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Nizami Rayon polis İdarəsinə dəvət edilmişdir. Əməlindən peşmandır, gələcəkdə komendant rejimi tələblərinə riayət edəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə işdən evə qayıdarkən həmin vaxtı polis əməkdaşları hərbi vəziyyət rejiminin qaydalarını pozduğu üçün və xüsusi icazə vərəqəsi olmadığı üçün polis əməkdaşları onu saxlamış və komendant rejimi qaydalarını pozduğu üçün polis bölməsinə gətirmişlər. Əməlindən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq xəbərdarlıq növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs izahatlarını dinləyərək, onların izahatlarını məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla qarşılıqlı şəkildə araşdraraq belə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsinə əsasən müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilərək, komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilmiş; xüsusi giriş-çıxış rejimi tətbiq edilərək, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülməsi, hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilməsi və bu Fərmanın təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli, 358 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilmişdir. Həmin Qərarda bu Qərarla təsdiq edilən sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilməsi, bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları və bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il, axşam saat 00:45 radələrində xüsusi icazə olmadan küçədə olmuş, bununla da xüsusi hüquqi rejim olan komendant rejiminin tələblərinə riayət etməmişdir. Onun qeyd edilən rejimin tələblərinə riayət etməməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən hərbi vəziyyət Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - vətəndaşlar) konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Həmin Qanunun 1.0.4-ci maddəsinə əsasən isə komendant saatı hərbi vəziyyət dövründə ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda olmanın (hərəkət etmənin) qadağan edildiyi günün müəyyən edilmiş vaxtıdır. Göründüyü kimi, komendant saatının vaxtı məhdud olmaqla, ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi, düşmənin kəşfiyyat, təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədi ilə tətbiq edilir ki, həmin rejimə riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan edilmiş Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq kimi niyyətlərə xələl gətirə biləcək hal kimi səciyyələndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Qanunvericiliyinin vəzifələri də insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta törətməsi öz təsdiqini tapdığından məhkəmə həmin maddənin sanksiyasında müəyyən edilmiş xəbərdarlıq növündə inzibati tənbeh verilməsini ədalətli, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun hesab edir. Məhkəmə Şəxs barəsində tətbiq edilmiş tutulmaya da münasibət bildirərək onu qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 89.3-cü maddəsinə əsasən fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.1-ci maddəsinə əsasən xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta törədilməsinə görə ona xəbərdarlıq inzibati tənbeh növü cəza tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 149-cu maddəsinə əsasən xəbərdarlıq növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 117-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu ilə icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-24, 32, 40, 43, 48-52, 57-61, 114, 117, 128-130,149-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs xəbərdarlıq növündə inzibati tənbeh edilsin. Bu Qərar hüquqazidd əməlin yolverilməzliyi barədə Şəxs edilən rəsmi xəbərdaredici tədbir olmaqla Şəxs göndərilməklə icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar