Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-661/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-nin polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər DYPŞ-nin polis mayoru X4 tərəfindən 02.08.2021-ci il tarixli, İXP ******* saylı protokol ona görə tərtib edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün iş materilları məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında izahatı alınmış Şəxs əməlini etiraf edərək əməlindən peşman olmasını, gənc olmasını nəzərə alaraq məhkəmədən ona daha yüngül inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, hadisə baş verdiyi vaxtdan indiyədək dəymiş ziyanı ödəmək barədə ona heç bir təklif olunmamışdır. Şəxs meyvə-tərəvəz alveri ilə məşğul olmasını desə də, o dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Odur ki, məhkəmədən yuxarı həddə inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin, protokol tərtib etmiş şəxsin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edərək belə hesab edir ki, haqlı olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xətaya dair icraat başlanmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirildiyindən o Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında rəydən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsi idarə edərək X3 məxsus avtomobilə 370 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, yüngülləşdirici hal kimi qiymətləndirir. Buna baxmayaraq inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığa cəhd etməməsini, ona dəymiş ziyanı ödəməməsini, əvvəllər də eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq məhkəmə ona cərimə növündə inzibati tənbeh verilməsini işin hallarına uyğun hesab etmir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanı ağırlaşdırlan hal müəyyən edilmədiyindən məhkəmə aşağı həddə həbs növündə tənbeh verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati həbs seçilməli, həbsin əvvəli onun tutulduğu vaxtdan, yəni 24 noyabr 2021-ci il, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21,31, 40, 43, 48-53, 61, 114,115, 117, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 08(səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu vaxtdan, yəni 24 noyabr 2021-ci il, saat 12:00dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların müvəqqəti saxlama yerinə həvalə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon məhkəməsi vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-661/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-661/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver