Məhkəmə qərarları › İş №3(044)-667/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-667/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-667/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru–X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi Gəncə Apellyasiya Məhkəməsinin 02.12.2015-ci il tarixli, 2(104)-2104/15 saylı icra sənədinə əsasən Şəxs 01.09.2015-ci il tarixdən başlayaraq 09.02.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən ona görə inzibati protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs hər ay 100 manat alimentin ödənilməsi tələb edilsə də o borcunu ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, icra sənədi üzrə cəmi 3220 manat borcu var. Borcluya tələbin könüllü icrası haqında bildiriş verilmiş və qanunvericiliyin tələbləri ona izah edilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs izahatında göstərdi ki, onun digər nikahdan 2012-ci il təvəllüdlü Nazim adlı uşağı vardır. O, həmin uşağa görə də aliment ödəyir. Özü vərəm xəstəliyindən əziyyət çəkir. İkinci qrup əlildir və o əlilliyə görə 130 manat məbləğində müavinət alır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, borclunun izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlama haqqında” qərardan müəyyən olunur ki, icra vərəqəsi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, həmin bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Borclunun icra sənədini icra etməməsi bir mənalı olaraq icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi demək deyildir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu icra sənədini tam icra etməsə də, icra sənədinin icrasından yayınmır və borclarını ödənilməsinə səy göstərir. Borclunun ikinci qrup əlil olması, onun digər nikahdan himayəsində 2012-ci il tarixli uşağının olmasını, özünün deməsinə görə onun həmin uşağa da aliment ödəməsi hazırki iş üzrə icra sənədinin icra edilməsi ilə bağlı qərəzi aradan qaldırmış olur. Məhkəmə onu da qeyd edir ki, borclu tərəfindən icra sənədi tam icra edilməsə də, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21--ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanununverciliyinin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəxs barəsində başlanmış inzibati icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar