Məhkəmə qərarları › İş №3(044)-672/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-672/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-672/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin polis sahə rəisi, polis leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nürəddin qızının və zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 372-də yaşayan X8 05.07.2021-ci il tarixdə Nizami RPİ-nə ərizə ilə müraciət edərək qızı Tünzalənin onu döydüyünü bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət 05.07.2021-ci il tarixdə Nizami RPİ-də HK-1/368 sayla qeydə alınmışdır. Şəxs Nürəddin qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair 02.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nürəddin qızı izahatında göstərmişdir ki, X8 onun atasıdır. X1 anası Gülnarı yola vermədiyi üçün təxminən 1 ildir ki, anası onun yanında qalır. 05.07.2021-ci il tarixdə təxminən saat 11 radələrində anası ilə birlikdə atası evinə getmişlər. Anası evin qapısının ağzında Afaqa zəng edib gəlib qapını açmasını, dərmanları götürməsini demişdir. Bir qədər sonra atası və gəlinləri evin həyətinə daxil olmuşlar, evə daxil olan kimi atası anasının üstünə cumaraq anasını vurmağa başlamış, o isə dərhal araya girmiş, bu zaman atası onları nalayiq sözlərlə söyməyə başlamışdır. O isə atasını vurmuşdur. Hal-hazırda X1 ilə barışmışdır. Ona görə də məhkəmədən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Şəxs Nürəddin qızı onun qızı, X7 onun həyat yoldaşı, X9 onun gəlinidir. Yoldaşı, gəlini Afaq və övladları ilə birlikdə yaşayırlar. X2 təxminən 3 ildir ki, rəhmətə getmişdir. Oğlu rəhmətə getdikdən sonra qızı Tünzalə mütəmadi olaraq yaşadığı evə gəlib gedir, onunla və gəlini Afaqla mübahisə edir, gəlini Afaqı və övladlarını evdən çıxartmaq istəyir. Ona görə də mübahisə etmişlər. Təxminən 1 aydır ki, həyat yoldaşı onu Tünzaləgilə aparmasını istəmiş, getdikdən sonra evə gəlməmiş, qızı Tünzaləgildə qalacağını bildirmişdir. 05.07.2021-ci il tarixdə təxminən saat 10 radələrində gəlini Afaqı gətirib banka düşürtmüş, özü də şəhərdə olmuşdur. Həmin vaxt yoldaşı Gülnar ona zəng vurub Afaqın niyə qapını bağladığını, gəlib qapını açmasını, əgər açmasa şüşələrini vurub sındıracağını demişdir. O da Afaqla birlikdə evə getmiş, həyətə daxil olan zaman həyat yoldaşı Gülnarın həyətdə olan gül dibçəklərini dağıtdığını görmüşdür. Ona görə də Tünzalənin üstünə cumaraq gülləri niyə dağıtdığını soruşmuş, bu zaman Tünzalə onun üstünə cumub əli ilə onun üz nahiyəsinə və qollarına xəsarət yetirmiş, nəvələri və gəlini onları ayırmışlar. Hal-hazırda qızı Şəxs Nürəddin qızı ilə barışmışlar, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon polis İdarəsinin polis sahə rəisi, polis leytenantı X11 bildirmişdir ki, X8 05.07.2021-ci il tarixdə Nizami RPİ-nə ərizə ilə müraciət edərək 05.07.2021-ci il tarixdə qızı Tünzalənin onu döydüyünü bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin material onun tərəfindən araşdırılmış və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs Nürəddin qızı atasını vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib yetirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş 27.07.2021-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Nürəddin qızının və X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati araşdırma aparılmasına dair qərar qəbul edilmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, təhqiqat zamanı X4 bəıdəni üzərində müəyyən edilmiş xəsarətlərlə bağlı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi Tədris” Birliyinin 08.07.2021-ci il tarixli, 1067 saylı rəyinə əsasən X4 bədənində aşkar edilmiş xəsarətlər –sol yanaq, hər iki said nahiyələrinin sıyrıqları- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Şəxs Nürəddin qızı 05 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanın həyətində X1nu vuraraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Nürəddin qızının törətdiyi əmələ görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair düzgün olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, Şəxs Nürəddin qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş şəxs X4 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nürəddin qızı ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və Şəxs Nürəddin qızının barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, məhkəmə hesab edir ki, Şəxs Nürəddin qızının barəsində 02 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16, 40, 48-53, 75, 112, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə, 02 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar