Məhkəmə qərarları › İş №3(044)-673/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-673/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-673/2021 02.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin polis sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs arvadı Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan şəkildə döymüşdür. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin polis sahə rəisi, X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 05.07.2021-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı Şəxs arvadı Gülnarı dərəcəsi təyin olmayan xəsarətlər yetirərək döymüşdür. Nizami RPİ-nin təhqiqatçısı polis kapitanı X3 tərəfindən ilkin araşdırma aparıldıqdan sonra Şəxs əməlində cinayə tərkibi olmadığı üçün 27 iyul 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və material inzibati protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Nizami RPİ-nin İTB-sinə göndərilmiş, 02.09.2021-ci il tarixdə onun İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, 05.07.2021-ci il tarixdə evinə gəldiyi zaman həyətdə dipçəkdə olan güllərin həyətə dağıldığını, evdə paltarların evin içinə dağıldığını, arvadı Gülnarın onların ünvanına nalayiq sözlər dediyini görüb, onun saçından tutub geri çəkərək sakitləşdirməyə çalışmışdır. Sonda o, əməlindən peşman olduğunu, 73 yaşında xəstə adam olduğunu, 50 ildir ailəli olduğunu bildirərək məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 05.07.2021-ci il tarixdə o, dərmanlarını götürmək üçün yaşadığı evə qızı ilə birlikdə getmiş, qapının bağlı olduğunu görüb nəvəsindən qapını açmasını istədikdə nəvəsi ona açarın olmadığını, anası gəldikdə qapını açacağını bildirmişdir. Həmin vaxt o, əsəbləşərək qapının ağzında dipçəkdə olan gülləri sındırmış, gəlini və əri gəlmiş, əri onun ünvanına nalayiq sözlər deyərək onu saçından yolaraq döymüşdür. Qızı onu ərinin əlindən almaq istəyəndə əri qızını da döymüşdür. Sonda o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şahid Nürəddin qızı izahat verərək bildirmişdir ki, zərərçəkmiş onun anasıdır. 05.07.2021-ci tarixdə o, anası ilə birlikdə anasının dərmanlarını götürməyə gedəndə onlara qapını açmadıqları üçün anası əsəbləşmiş, qapıda olan dipçəyi vurub sındırmışdır. Sonra anası evə girib dərmanlarını götürmək istəyəndə atası Nürəddin anasını söyüb, saçından tutub döymüşdür. O, anasını atasının əlindən almaq istəyəndə atası onu da döymüşdür. Həmin vaxt o, özünü müdafiə üçün atasına əl qol atmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs zərərçəkmiş şəxsi saçından yolaraq fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, barəsində tərtib edilmiş protokol, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar