Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-681/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. 27.07.2021-ci il tarixli, 00800-0131/21 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki. 01.06.2021-ci il tarixində təxminən saat 13 radələrində Şəxs U6 8715 saylı Sankt-Peterburq - Gəncə aviareysi ilə X2 Limanına gəlmişdir. Şəxs məxsus baqaj X-Ray aparatından keçirilərkən, gömrük əməkdaşı monitorda tapançaya oxşar predmetin təsvirlərini gördüyünə görə, müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılmışdır. Malların yoxlanılması zamanı, Şəxs məxsus qara rəngli çantanın içərisində olan şəxsi əşyaların arasından, əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, 1 ədəd üzərində “APS NBB-47STN1330 Cal. 4.5 mm” markalanma işarəsi olan pnevmatik tapançaya oxşar predmet və 1 qutu, 849 ədəd poladdan hazırlanmış qırmalar və silaha məxsus 7 ədəd qaz balonu aşkar olunmuş və protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, pnevmatik tapançanı Sankt-Peterburq şəhərindən qanuni şəkildə almış, bu barədə onun bütün sənədləri olmuş və o, həmin sənədləri pnevmatik tapança ilə birlikdə gömrük əməkdaşlarına vermişdir. O, Sankt-Peterburq hava limanında olarkən orada gömrük əməkdaşlarına onda pnevmatik tapança olduğunu bildirmiş, həmin əməkdaşlar Azərbaycan Respublikasının səfirliyi ilə əlaqə saxlayaraq məlumat vermişlər. Səfirlikdən pnevmatik tapançanın aparılmasına qadağa olmadığını bildirmişlər, bundan sonra o, həmin tapançanı baqaja vermişdir. O, Gəncə hava limanına gəldikdən sonra yoxlanış zamanı onu gömrük əməkdaşları çağırmış və pnevmatik tapançanın gətirilməsinin qadağan olunduğunu bildirmişlər. O, gömrük əməkdaşlarına hansı qanuna əsasən qadağan olduğunu soruşmuş və həmin tapançanı gizli gətirmədiyini bu barədə yoxlanış zamanı şifahi olaraq məlumat verdiyini demişdir. Lakin gömrük əməkdaşları qanunsuz olaraq pnevmatik silah gətirməyin qadağan olduğunu bildirib onun barəsində protokol tərtib etmişlər və ona məhkəmədə işə baxılarkən öz narazalığını bildirməsini demişlər. Sonda o, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 09.07.2021-ci il tarixli 3/1017; 9/4316 nömrəli məhkəmə balistik və əmtəəşünaslıq ekspertizalarının arayışında qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, 1 ədəd predmet — zavod üsulu ilə istehsal edilmiş, 4.5 mm kalibrli, “Gletcher APS NBB” modelli, “475T7N1330” N-li, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən , təlim-məşq təyinatlı pnevmatik tapançadır, yivli odlu silah, qaz silahı hesab edilmir, sazdır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədaiqata təqdim edilən 1 ədəd qabda olan predmetlər — zavod üsulu ilə istehsal edilmiş, 4.5 mm kalibrli olmaqla, həmin kalidrə malik “VVALTHER (P 88”, “VValther PPK/S”, “MP — 654 K”, “GLETCHER SVV MP”, “UMAREX XBOÖ” və s. markalı pnevmatik tapançalarda sıxılmış havanın təsiri ilə atılmaq üçün nəzərdə tutulmuş, kürəformalı mərmiciklərdirlər, döyüç sursatı hesab edulmirlər, istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilən 7 ədəd predmet — zavod üsulu ilə hazırlanmış, “VVALTHER 4P 88”, “VValther PPK/S”, “MP — 654 K”, “GLETCHER SVV MP”, “UMAREX XBO” və s. markalı pnevmatik tapançalarda istifadə olunmaq üçün nəzərdə tutulmuş hava balonlarıdır, döyüş sursatı hesab edilmirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar. Ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda əşyaların ümumilikdə orta qiyməti təxminən 176,50 manat müəyyən edilmişdir. Məhkəmə tərəfi dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104-cü maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 300.1-300.5-ci maddələrinə əsasən Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur. “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur. Fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu Məcəllənin 300.3-cü maddəsində göstərilən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısını, onların bəyan olunması və gömrük rəsmiləşdirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 304.1-ci maddəsinə əsasən “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar (səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar) istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Həmçinin həmin Qaydalara əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur. “Yaşıl kanal“ buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. Həmin Qaydalara 1 nömrəli Əlavədə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısında pnevmatik silah nəzərdə tutulmamışdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 9-cu bəndinə əsasən pnevmatik silah — sıxılmış havanın və ya qazın təzyiqindən yaranan enerji hesabına gülləsi istiqamətlənmiş hərəkət edərək hədəfə məsafədən zədə yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin 2-ci bəndinin 11-ci yarımbəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu və soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”na əsasən pnevmatik silahın və aerozol qurğularının daşınması onların başqa şəxslər tərəfindən əldə edilməsi imkanının istisna edilməsi şərti ilə, adi yüklərlə eyni qaydada həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokolda Şəxs pnevmatik tapançanı elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan etmədiyi qeyd edilsə də, məhkəmə iclasındakı izahatında Şəxs hava limanında gömrük yoxlaması zamanı şifahi qaydada pnevmatik tapança gətirdiyini bəyan edərək həmin tapançanın sənədlərini gömrük əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən Şəxs gətirdiyi pnevmatik tapançanın elektron və ya kağız üzərində yazılı formada bəyan edilməsinə ehtiyac yoxdur, həmçinin həmin pnevmatik tapançanın Azərbaycan Respublikasına gətirilməsi və dövriyyəsi qadağan deyil, eyni zamanda Şəxs həmin pnevmatik tapançanı gömrük sərhəddindən keçirərkən “Yaşıl kanal” buraxılış sistemi vasitəsi ilə şifahi formada gömrük əməkdaşına bəyan etməsi kifayətdir. İş faktiki hallarından görünür ki, Şəxs tərəfindən gömrük sərhəddindən keçirilən pnevmatik tapançanın bəyan edilməməsi halı mövcüd deyil, çünki o, gömrük yoxlanışı zamanı şifahi formada bunu bəyan etdiyini bildirmiş, onun bəyan etməməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi, bu az miqdarda (əlli min manatadək) olduqda inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 27.07.2021-ci il tarixli, 00800-0131/21 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-681/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-681/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver